
Novruz bayramı dünyanın ən qədim və ən möhtəşəm bayramlarından biri hesab olunur. Bu bayramın tarixi minilliklərə dayanır və əsasən baharın gəlişi, təbiətin oyanışı və yeni ilin başlanması ilə bağlıdır. “Novruz” sözü fars dilindən tərcümədə “yeni gün” mənasını verir və bu bayram gecə ilə gündüzün bərabərləşdiyi gün – mart ayının 20-21-də qeyd olunur.
Qədim zamanlardan insanlar qışın başa çatmasını və baharın gəlişini böyük sevinc və ümidlə qarşılayıblar. Təbiətin yenidən canlanması, torpağın dirilməsi, ağacların çiçəkləməsi insanlarda yeni həyatın başlanğıcı kimi qəbul olunub. Buna görə də Novruz yalnız təbiətin deyil, həm də insanların ruhunun yenilənməsi bayramı sayılır.
Novruza hazırlıq həftələr əvvəl başlayır. Bayramdan öncə dörd çərşənbə – Su, Od, Yel və Torpaq çərşənbələri qeyd olunur. Bu çərşənbələr təbiətin mərhələlərlə oyanmasını simvolizə edir. İnsanlar evlərini təmizləyir, həyətlərini səliqəyə salır, bayram süfrələri hazırlayır və səməni qoyurlar. Səməni bolluq və həyatın davamlılığının rəmzi sayılır.
Bayram günlərində tonqal qalamaq, tonqal üzərindən tullanmaq, papaq atmaq kimi qədim adətlər də yaşadılır. Bu ənənələr insanların köhnə ilin çətinliklərini geridə qoyaraq yeni ilə ümidlə qədəm qoyduqlarını göstərir.
Bahar bayramı münasibətilə hər birinizi səmimi qəlbdən təbrik edir, sizə möhkəm can sağlığı, ailə səadəti və bol ruzi-bərəkət arzulayırıq. Qoy Novruz bayramı hər evə sevinc, xoşbəxtlik və uğurlar gətirsin!
İlhamə Abdullayeva
Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri
