
Novruz bayramı yalnız təbiətin oyanışını deyil, həm də insanların birlik və həmrəyliyini simvolizə edən bayramdır. Bu bayram əsrlər boyu müxtəlif xalqlar tərəfindən qeyd olunmuş və dostluq, qardaşlıq münasibətlərinin möhkəmlənməsinə səbəb olmuşdur.
Novruz günlərində insanlar evlərini təmizləyir, həyətlərini abadlaşdırır və bayram süfrələri hazırlayırlar. Süfrədə müxtəlif milli yeməklər və şirniyyatlar yer alır. Paxlava, şəkərbura və qoğal kimi şirniyyatlar bolluq və bərəkətin rəmzi hesab olunur.
Bayramın ən maraqlı adətlərindən biri də tonqal qalamaqdır. İnsanlar tonqalın üzərindən tullanaraq köhnə ilin çətinliklərinin geridə qalmasını arzulayırlar. Uşaqlar papaq atır və qapılardan şirniyyat toplayırlar.
Bu bayram günlərində insanlar qohum və dostlarını ziyarət edir, bir-birinə xoş arzular bildirir və bayram sevincini birlikdə paylaşırlar.
Novruz bayramı münasibətilə hər birinizi ürəkdən təbrik edir, həyatınıza sevinc, ailələrinizə xoşbəxtlik və süfrələrinizə bol ruzi arzulayırıq. Novruz bayramınız mübarək!
Sənan Məsimli,
Qarabağ Regional Təhsil İdarəsinin müdiri
