Sağlam həyat tərzi artıq sadəcə dəb deyil. Məlum olub ki, tennis raketkası insanı sağlam saxlamağa qadirdir.
Bu barədə həkim Kirill Masliyev "Kp.ru"ya danışıb.
Onun sözlərinə görə, biohaking sadəcə dəb halını alan məşğuliyyət deyil, genlərin işini işə salan və ya ləngidən mexanizmlərin dərindən öyrənilməsidir. Mütəxəssis bildirib ki, genlərin ekspressiyasına yalnız mürəkkəb tibbi preparatlarla deyil, gündəlik həyat tərzi ilə də təsir etmək mümkündür: "Yediyimiz qidalar və fiziki aktivliyimiz bu prosesdə mühüm rol oynayır".
Ekspert xüsusilə fiziki aktivliyə diqqət çəkib. Geniş yayılmış fikrin əksinə olaraq, o, sadə gəzintiləri deyil, daha aktiv məşqləri “gənclik eliksiri” hesab edir.
Masliyev iddia edir ki, tennis və ümumilikdə raketka idman növləri uzunömürlülük üçün ən faydalı fəaliyyətlərdəndir. Bu idman növləri koordinasiyanı inkişaf etdirir, mərkəzi sinir sistemi ilə əlaqəni gücləndirir və beyinlə bədənin ahəngdar işləməsini təmin edir.
Həkim vurğulayıb ki, məhz bu cür fəaliyyətlər istənilən yaşda həm fiziki formanın, həm də zehni qabiliyyətlərin qorunması üçün xüsusi əhəmiyyət daşıyır.

