23 may 2024-cü il tarixdə Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzi tərəfindən İsmayıllı rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzində "28 may - Müstəqillik Günü" münasibətilə konsert proqramı keçirilib.
Tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyətinin, Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin rəhbərliyi və əməkdaşları iştirak ediblər. Əvvəlcə İsmayıllı rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin foyesində rəsm sərgisinə baxış keçirilib, bu günün 1918-ci ildə müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı gün olduğu, cəmi 23 ay yaşamasına baxmayaraq Azərbaycanın dövlətçilik tarixində əhəmiyyətli yer tutduğu, bolşeviklər tərəfindən varlığına son qoyulsa belə xalqın istiqlal arzusunun ölmədiyi tamaşaçıların diqqətinə çatdırılıb.
Sonra məktəbin fortepiano, xalq çalğı alətləri və xanəndəlik şöbəsinin şagirdlərinin, nağara ansamblı və rəqs, xor kollektivinin çıxışları dinlənilib.
