Sumqayıt şəhər 34 nömrəli tam orta ümumtəhsil məktəbinin 10-cu sinif şagirdi, Vətən Müharibəsi şəhidi Mehrab Niftəliyevin qızı Ləman Niftəliyeva cüdo üzrə növbəti uğura imza atıb.
Belə ki, 8 Mart tarixində U-17 yeniyetmələr arasında keçirilən “İstedadların seçimi” yarışının II turunda iştirak edən Ləman Niftəliyeva qızların -44 kq çəki dərəcəsində mübarizə apararaq bütün rəqiblərini üstələyib və I yerə layiq görülüb. Ləman Niftəliyeva hazırda Sumqayıt şəhər 2 nömrəli UGİŞM-in yetirməsidir.
Qeyd edək ki, “İstedadların seçimi” turnirinin keçirilməsində məqsəd milli komanda üçün perspektivli idmançıların müəyyənləşdirilməsi, sağlam idman bazasının formalaşdırılması və gələcək ehtiyat qüvvənin hazırlanmasıdır.
Turnirin iki turunun yekun reytinqində hər çəki dərəcəsi üzrə ilk 4 pillədə qərarlaşan idmançılar “Gələcəyin ümidləri” təlim proqramına cəlb olunacaqlar.
Şagirdimizi təbrik edir, ona gələcək yarışlarda yeni-yeni uğurlar arzulayırıq.
