
Qanlı 20 Yanvar faciəsindən 36 il ötür. 1990-cı ilin yanvarında sovet imperiyasının hərbi-siyasi rəhbərliyi Azərbaycan xalqının azadlıq iradəsini boğmaq məqsədilə Bakıya və ölkənin bir sıra bölgələrinə qoşun yeritdi. Bu qanlı əməliyyat nəticəsində yüzlərlə dinc sakin qətlə yetirildi, minlərlə insan yaralandı, xalqın yaddaşında sağalmaz yaralar açıldı.
Həmin gecə tətbiq olunan fövqəladə vəziyyət əhaliyə öncədən bildirilməmiş, şəhər rabitəsi kəsilmiş, təcili yardım və yanğınsöndürmə maşınları belə güllə atəşinə tutulmuşdu. Tanklar yaşayış məhəllələrinə soxularaq dinc insanları əzməkdən çəkinmirdi. Bu, beynəlxalq hüquq normalarının, insan haqlarının və humanitar prinsiplərin kobud şəkildə pozulması idi.
Lakin Qanlı 20 Yanvar təkcə faciə olmadı. Bu hadisə Azərbaycan xalqının milli şüurunun oyanışında dönüş nöqtəsinə çevrildi. Xalq başa düşdü ki, imperiya daxilində azad və ləyaqətli yaşamaq mümkün deyil. Məhz bu faciədən sonra müstəqillik ideyası ümumxalq hərəkatına çevrildi və geri dönüşü olmayan yol başladı.
Bu gün müstəqil Azərbaycan dövləti 20 Yanvar şəhidlərinin qanı bahasına formalaşmış bir reallıqdır. Onların fədakarlığı gələcək nəsillərə azadlığın əsl dəyərini anlatan əbədi dərsdir.
Asif İsmayılov
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi aparat rəhbərinin müavini
