Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi tərəfindən 22 İyul – Milli Mətbuat Günü münasibətilə bölgədə fəaliyyət göstərən media nümayəndələri ilə görüş keçirilib.
Tədbirdə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov, müdir müavini Rövşən Kərimov, idarənin aidiyyəti struktur bölmələrinin əməkdaşları və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.
Tədbiri giriş nitqi ilə açan idarə müdiri Elçin Kərimov media nümayəndələrini peşə bayramı münasibətilə səmimi qəlbdən təbrik edərək, onlara məsuliyyətli fəaliyyətlərində yeni uğurlar, möhkəm cansağlığı və yaradıcılıq nailiyyətləri arzulayıb. O bildirib ki, cəmiyyətin düzgün və operativ məlumatlandırılmasında, təhsil sahəsində həyata keçirilən islahatların ictimaiyyətə çatdırılmasında media nümayəndələrinin rolu xüsusi əhəmiyyət daşıyır. Vurğulanıb ki, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi media ilə açıq, şəffaf və qarşılıqlı etimada əsaslanan əməkdaşlığa daim önəm verir.
Görüş zamanı təhsil sahəsində həyata keçirilən layihələr, əldə olunan nailiyyətlər və qarşıda duran hədəflər ətrafında fikir mübadiləsi aparılıb. Media nümayəndələrinin təklif və fikirləri dinlənilib, qarşılıqlı əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində müzakirələr aparılıb.
Media nümayəndələri göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildirərək, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi ilə qurulan səmərəli əməkdaşlıqdan məmnun olduqlarını qeyd edib, gələcəkdə də təhsil sahəsində həyata keçirilən fəaliyyətlərin geniş işıqlandırılmasına dəstək verməyə hazır olduqlarını bildiriblər.
Sonda media nümayəndələrinə xatirə hədiyyələri təqdim olunub, xatirə şəkli çəkdirilib.
