Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdiri Ramin Abasov Məktəblilərin Respublika İdman Olimpiadasında uğurla çıxış edən Ağsu rayonu uşaq-gənclər idman-şahmat məktəbinin taekvondo üzrə yetirmələri olan Ağsu şəhəri 3 nömrəli tam orta ümumtəhsil məktəbinin VII sinif şagirdi Ülvi Məmmədov və Ağsu rayonu Z.Hüseynov adına Ülgüc kənd tam orta ümumtəhsil məktəbinin VI sinif şagirdi Yusif Zərbəliyev, eləcə də onların məşqçi-müəllimi Vüqar Kərimov ilə görüşüb.
Keçirilən görüşdə Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdiri Ramin Abasov, müdir müavini Rahim Novruzov, Ağsu rayonu üzrə təhsil sektorunun müdiri Ramin Mahmudov, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Ağsu rayon komitəsinin sədri Sevinc Beyudova, Ağsu rayonu uşaq-gənclər idman-şahmat məktəbinin direktoru Elşən Mustafayev iştirak ediblər.
Görüş zamanı şagirdlərin respublika səviyyəli yarışda qazandıqları yüksək nailiyyət xüsusi vurğulanıb, onların əzmkarlığı, məqsədyönlülüyü və zəhmətkeşliyinin digər məktəblilər üçün örnək olduğu bildirilib. Eyni zamanda, bu uğurun əldə olunmasında məşqçi-müəllimin əməyi yüksək qiymətləndirilib və gənclərin gələcək yarışlarda da yeni nailiyyətlər qazanacaqlarına inam ifadə olunub.
Sonda Ülvi Məmmədov, Yusif Zərbəliyev və məşqçi-müəllim Vüqar Kərimov fəxri fərman və hədiyyələrlə təltif olunub, xatirə şəkilləri çəkdirilib.
