Sizin reklam burada
Sizin reklam burada

O gün olsun Zəngilanda...

O gün olsun Zəngilanda...
Bəzi tarixlər var, təqvimdən çıxıb insanın ömrünə yazılır. Noyabrın 7-si mənim üçün belə günlərdəndir. 1949-cu ilin bu günü Xəzərin qoynunda taleyimin 22 ilini bağladığım Neft Daşlarının təməli qoyulub. Hər il bu tarixi bir bayram kimi qeyd edirik. Elə həmin gün mənim üçün başqa bir doğmalığın da başlanğıcıdır - Dönməz Abbasovun doğum günü. Biri Xəzərin qoynunda, o biri ömrümün yaddaşında özünə yer edib. İllərdir bu iki tarixi eyni sevinc, eyni xoş duyğularla qarşılayıram.
Dönməzlə tanışlığımızın üstündən iyirmi beş ildən çox keçir. İlk gündən aramızda elə bir doğmalıq yaranmışdı ki, sanki çoxdan bir-birimizi tanıyırdıq. O vaxt Azərbaycan Nəşriyyatında ayrı-ayrı qəzet redaksiyalarında çalışırdıq. Qəzetlərin səhifələnməsi, dizayn işi indiki kimi deyildi. Bu sahənin adamları az idi. Dönməz də yenicə başladığı işdə səbr və təmkini ilə seçilirdi.
O illərin öz iş ahəngi, öz gecələri vardı. Məsul katiblərin hazırladığı maketlər dizaynerin masasına gələr, səhifələr yığılar, plyonkaya köçürülər, sonra mətbəə mərhələsi başlayardı. Çox vaxt gecəni nəşriyyatda keçirərdik. İndi o gecələri xatırlayanda yorğunluqdan çox, söhbətlərin istisi, dostluğun səsi, birgə görülən işlərin xatirəsi gəlir göz önünə.
Dönməz mənim işlədiyim bütün qəzetlərin, hazırladığım kitab və jurnalların dizayneri olub. Amma onun əməyi yalnız səhifələrin görünüşü ilə məhdudlaşmayıb. Ədəbi bilgisi, diqqəti, sözə həssaslığı da işimizə çox kömək edib. Bəzən mətndəki qüsuru bizdən əvvəl özü görüb, səssizcə düzəldib. O, yazının yalnız necə görünməli olduğunu deyil, necə səslənməli olduğunu da bilirdi.
Şəkildə əlində tutduğu bu kitabımın da öz taleyi var. "Ruhum işıq kimi qalxsın göylərə" adı ilə 2003-cü ildə Dönməz dizayn etmişdi. Sonra illər keçdi. Kitab çap olunmadı. İyirmi il... Bu iyirmi ilin necə gəlib keçdiyini özüm də bilmirəm. Üz qabığı dəyişdi, müəyyən əlavələr və dəyişikliklər edildi, ortaq dostumuz Xəqani kitabı "Xəzan yarpağı" adı ilə çap etdi.
Bu illər ərzində çox dost, tanış kitabın niyə çap olunmadığını soruşdu. Cavab vermədiyim suallar da oldu. Amma Dönməz soruşmadı. O bilirdi. Daha doğrusu, duyurdu. Bəzən insanın demədiyini də eşidən dostları olur. Sözünə toxunmadan, susqunluğuna hörmət edərək yanında dayanırlar. Dönməz belə dostlardandır. Bəlkə də iyirmi ilin ən qiymətli xatirələrindən biri elə bu səssiz anlayışdır.
Dostluğumuzun bir başqa tərəfi də Vətən həsrətidir. Mən işğaldan əvvəl Zəngilanda olmuşdum. 1991-ci ildə, Fizika, riyaziyyat və informatika təmayüllü liseydə oxuduğum vaxt Zəngilandan olan sinif yoldaşım Rövşənin qonağı kimi bu yurda getmişdim. Dönməzin hərbçi qardaşı, sonralar Zəngilanın azad olunmasında rəşadət göstərən Daşqın Abbasov da Rövşənlə aşağı siniflərdə birgə oxumuşdu. O səfərdə Zəngilanın bir çox yerlərini gəzmişdik. Onda bilməzdim ki, illər sonra həmin yerlərin xatirəsi bir dostumun ürəyində belə böyük nisgilə çevriləcək.
Dönməz müharibədə olduğumu bildiyi üçün bəzən yeni tanışlarına məni Zəngilanda döyüşmüş adam kimi təqdim edirdi. Mən də düzəliş vermirdim. Zəngilan adı çəkiləndə gözlərində yanan işığı, üzünə qonmuş nuru söndürmək istəmirdim. Yaddaşıma həkk olunmuş yerlərdən danışırdım. O danışdıqca sanki bir az da yaxınlaşırdı doğma torpağına. Onun Vətən sevgisi məni çəkirdi. Bilənlər bilir, mənim də Vətən sevgimi. Ağdamın Tillər, Füzulinin Böyük Bəhmənli, İsmayıllının Buynuz məktəbi eyni dərəcədə doğmadır mənə. Çünki mənim üçün Vətən bir kəndin, bir rayonun adı ilə məhdudlaşmır.
Zəngilanla İsmayıllının təbiətindəki oxşarlıqdan çox danışmışıq. Zəngilandan olan digər sinif yoldaşlarım Asif və Kənan da bu oxşarlığı təsdiqləyərlər. Elə buna görə ürəyimdən keçirdi ki, Dönməzi də Buynuza aparım. Bəlkə dağların nəfəsi, çayın səsi, yaşıllığın rəngi bir az ovundurar onu. Bir gün bu gerçəkləşdi.
Göyçay çayının düz sahilində dayanmışdı. Üzünü dağlara tutmuşdu. Uzun müddət səssizcə gözlırindən yaş axdı. Mən nə deyə bilərdim? Hansı söz onun illərlə içində böyütdüyü Vətən həsrətini ovuda bilərdi? Yaxınlaşıb qucaqladım onu. Lap elə kiçik qardaşım kimi...
O an anladım ki, bəzən insan doğulduğu torpağın ətrini başqa bir yurdun dağlarında axtarır. Dönməz üçün Buynuz sadəcə gözəl bir dağ kəndi deyildi. O, bir az Zəngilan idi. Bir az uşaqlıq, bir az xatirə, bir az da qayıdış arzusu...
Zəngilan işğaldan azad ediləndə pandemiya dövrü idi. Görüşə bilmirdik. Amma telefonun o başından-bu başından bir-birimizə ötürdüyümüz sevinc, həyəcan, sözlərimizin arasına sığmayan duyğular vardı. İllərlə arzuladığımız gün gəlib çatmışdı. "O gün olsun Zəngilanda..." deyirdik. Nəhayət, o gün olmuşdu.
Daşqın Zəngilanda Bayrağımızı ucaltmışdı. Bir qardaşın, bir ailənin, bir elin sevinci idi bu. Dönməzin qürurunu təsəvvür etmək çətin deyildi. İllərlə həsrətini çəkdiyi torpaqda qardaşının ucaltdığı Bayrağa baxmaq... Bu sevincin telefonla belə bölüşülməsi unudulmaz idi.
Dönməz Zəngilan azad olunana qədər sosial şəbəkələrdə özünü "Zəngilansız" adlandırırdı. Bu təxəllüsün içində bir insanın taleyi, bir yurdun həsrəti vardı. Zəngilan azad olunandan sonra isə "Zəngilanlı" oldu. Bir söz dəyişdi. Amma bu dəyişiklik adi ad dəyişikliyi deyildi. Sanki illərlə yarımçıq qalmış bir cümlə tamamlandı. Vətəninə qovuşan insan öz adını da yenidən tapdı.
Bu gün Dönməz həm də əsgər atasıdır. Oğlu Vətənə xidmət edir. Övladının igidliyi, mərdliyi, kiçik bədənində daşıdığı böyük ürəyi ilə Dönməzin ürəyi də bir döyünür. Atanın qüruru bəzən dilə gəlmir, baxışında yaşayır. İndi Dönməzin baxışlarında Zəngilan həsrəti ilə yanaşı, oğul qüruru da var.
Əziz dostum, ad günün mübarək! Gəlib çıxdın ömrünün əllinci qapısının qarşısına. Aç o qapını...
Ömür yollarımızda çox şey dəyişdi. Nəşriyyatın gecələri xatirəyə çevrildi, qəzetlərin maketləri arxivlərdə qaldı, kitablar illər sonra başqa adlarla oxucularına qovuşdu. Dostlar gəldi, dostlar getdi. Amma bəzi doğmalıq var ki, illərin əlindən tutub keçir, dəyişmir.
Səninlə bir gün Göyçay sahilində göz yaşı tökdük. Bir gün telefonun o başında Zəngilanın azadlığına sevindik. İndi isə bir başqa arzunu ürəyimizdə gəzdiririk. O gün olsun Zəngilanda! Daşqının Bayraq qaldırdığı, sənin "Zəngilansız"lıqdan "Zəngilanlı"lığa qovuşduğun o torpaqda bir gün də oğlunun toyunu edək. Onda nə həsrət qalsın, nə nisgil. Onda gözlərimiz yalnız sevincdən dolsun.
Dostum, qoy ömrünün bundan sonrakı səhifələri ən gözəl kitabların belə yaza bilmədiyi xoşbəxtliklərlə dolsun.
O gün olsun, Dönməz! O gün olsun Zəngilanda...
Eşq olsun!

Bəhruz Məmmədov

  • Sosial şəbəkədə paylaş