Məktəb rəhbərliyinin qanunsuzluqlarına niyə göz yumulur?
Asif Məmmədov adına Goranboy rayon 3 saylı orta məktəbdə son illər baş verən hadisələr təhsil ictimaiyyətində ciddi narahatlıq doğurur. Məsələ təkcə bir direktorun fəaliyyəti ilə bağlı deyil, ümumilikdə məktəbdə idarəetmə, nəzarət və ədalət prinsiplərinin pozulması iddiaları ilə bağlıdır.
Direktorluq böhranı və idarəetməsiz dövr
Məlumata görə, Günay Şirinovanın səs yazısının yayılmasından və aidiyyəti qurumların bu barədə məlumatlandırılmasından sonra, Hicran Əhməddən sonra Günay Şirinova həmin vəzifəyə yenidən təyin olunmayıb. 07.02.2025–24.02.2025-ci il tarixlərində məktəbdə direktor vəzifəsini faktiki olaraq heç kim icra etməyib. Bu dövrdə məktəbdə rəhbərliyin olmaması tədris prosesinə mənfi təsir göstərib, müəllim və şagirdlər arasında çaşqınlıq yaradıb.
Yalnız 24.02.2025-ci il tarixində məktəbin direktor vəzifəsinin icrası Goranboy–Naftalan rayonları üzrə Təhsil Sektorunun baş məsləhətçisi Kifayət Rzayeva tərəfindən həvalə olunub. İddialara görə, ilkin niyyət yenidən Günay Şirinovanın bu vəzifəyə gətirilməsi olub, lakin səs yazısı ilə bağlı qalmaqal buna imkan verməyib.
Müvəqqəti təyinat, daimi nəticə
Buna baxmayaraq, 2024–2025-ci tədris ilinin sonu, məzuniyyət dövründə Günay Şirinovaya direktor vəzifəsinin icrası müvəqqəti olaraq həvalə edilib və açıq şəkildə bildirilib ki, bu, yalnız məzuniyyət dövrü üçün nəzərdə tutulur. Lakin 2025–2026-cı tədris ili başlayanda gözlənilənin əksinə olaraq, direktor vəzifəsinə Kifayət Rzayeva deyil, yenidən Günay Şirinova təyin olunub. Bu qərar məktəb ictimaiyyətində haqlı suallar doğurub.
Davamiyyət, rüşvət və seçkilik iddiaları
Məktəbdə xüsusilə 8ª, 9, 10ª, 10b və 11-ci siniflərdə davamiyyətin zəif olduğu bildirilir. İddialara görə, bəzi şagirdlər Günay Şirinovaya hədiyyə və rüşvət verməklə dərsə gəlməmək imkanı əldə edirlər. Daha narahatedici məqam isə müəllimlərin övladlarına və müəyyən “seçilmiş” şagirdlərə açıq-aşkar güzəştlərin edilməsi barədə iddialardır.
Məsələn, məktəbin ingilis dili müəllimi X. Vüsalə xanımın oğlu H. Aslanovun 2–3 həftədən bir məktəbə gəldiyi, o da yalnız bir neçə saat dərsdə olduğu halda buna göz yumulduğu bildirilir. Kimya/təbiət fənn müəllimi E. Cəlilovanın qızı A. Məmmədovanın da davamiyyətinin nizamsız olduğu iddia olunur. Bu halların Günay Şirinovaya verilən hədiyyələr fonunda ört-basdır edildiyi deyilir.
11-ci sinif və “padruqa” amili
11-ci siniflə bağlı başqa bir mübahisəli məsələ sentyabr ayının sonunda sinif rəhbəri Əli Qarayevin vəzifəsindən uzaqlaşdırılması və onun yerinə Günay Şirinovanın yaxın rəfiqəsi Aysel Mehdiyevanın təyin olunmasıdır. Məktəbdə başqa müəllimlər ola-ola məhz bu seçimin edilməsi təsadüfi sayılmır. İddialara görə, Aysel Mehdiyeva ilə Günay Şirinova arasında yaxın münasibətlər və maddi maraqlar bu qərarda rol oynayıb.
Qeyd olunur ki, Aysel Mehdiyeva 2022–2023-cü tədris ilində də 11-ci sinfin sinif rəhbəri olub və həmin dövrdə şagirdlərdən yığılan pulların əvvəlki direktor Gülmira Musayevaya çatdırıldığı iddia edilir. Bu faktlar sübuta yetirilməsə də, məktəbdə uzun illərdir formalaşmış qeyri-sağlam ənənədən xəbər verir.
Direktor övladı üçün xüsusi sinif?
10ª sinif də ayrıca diqqət çəkir. Bu sinfin “seçilmiş” sayılmasının əsas səbəbinin direktorun böyük qızı G. Kazımovanın burada təhsil alması olduğu bildirilir. Paralel 10b sinfinə eyni münasibətin göstərilməməsi məktəbdə bərabərlik prinsipinin pozulduğunu göstərən başqa bir nümunə kimi təqdim olunur.
Nəticə və çağırış
Sadalananlar sübut olunmamış iddialar olsa da, onların miqyası və ardıcıllığı Goranboy rayon 3 saylı orta məktəbdə ciddi sistem problemlərinin ola biləcəyini göstərir. Təhsil ocağı ədalət, şəffaflıq və nümunə məkanı olmalıdır. Əgər məktəbdə rüşvət, seçkilik, qohumbazlıq və idarəetmə boşluğu varsa, bu, birbaşa şagirdlərin gələcəyinə zərbədir.
Bu səbəbdən məktəbdə baş verənlərlə bağlı aidiyyəti qurumlar tərəfindən obyektiv, hərtərəfli yoxlamaların aparılması, faktlar təsdiqlənərsə, qanuna uyğun tədbirlərin görülməsi zəruridir. Təhsil susqunluqla deyil, ədalətlə qorunur. Goranboy rayon 3 saylı orta məktəbdə yaranmış vəziyyətlə bağlı müvafiq qurumların yerində yoxlama aparması, faktları araşdırması və nəticəni ictimaiyyətə açıqlaması vacibdir. Çünki təhsil sistemi etimad üzərində qurulur – etimad sarsıldıqda isə ən böyük zərəri şagirdlər görür.
