Sizin reklam burada
Sizin reklam burada

Novruz – minilliklərin yaddaşından gələn bahar bayramı

Novruz – minilliklərin yaddaşından gələn bahar bayramı

Novruz bayramı dünyanın ən qədim və ən zəngin ənənələrə malik bayramlarından biridir. Bu bayramın tarixi minilliklərə gedib çıxır və əsasən baharın gəlişi, təbiətin oyanışı, torpağın dirilməsi ilə bağlıdır. Qədim zamanlardan insanlar qışın bitməsi və baharın gəlməsi münasibətilə şənliklər keçirir, yeni ilin başlanmasını böyük sevinc və ümidlə qarşılayırdılar.

Novruz sözü fars dilindən tərcümədə “yeni gün” mənasını verir. Bu bayram gecə ilə gündüzün bərabərləşdiyi günə – mart ayının 20-21-nə təsadüf edir. Bu tarix həm də təbiətdə yeni həyatın başlanğıcı sayılır. Azərbaycan xalqı Novruzu böyük sevinc və təntənə ilə qeyd edir, əsrlər boyu formalaşmış adət-ənənələri qoruyub saxlayır.

Novruza hazırlıq həftələr əvvəl başlayır. Bayramdan əvvəl dörd çərşənbə – Su, Od, Yel və Torpaq çərşənbələri qeyd olunur. Bu çərşənbələr təbiətin tədricən oyanmasını simvolizə edir. İnsanlar evlərini təmizləyir, səməni qoyur, bayram süfrələri hazırlayır. Süfrələrdə paxlava, şəkərbura, qoğal kimi milli şirniyyatlar xüsusi yer tutur.

Tonqal qalamaq da Novruzun ən qədim adətlərindən biridir. İnsanlar tonqalın üzərindən tullanaraq bütün çətinliklərin və pisliklərin köhnə ildə qalmasını arzulayırlar. Uşaqlar papaq atır, insanlar bir-birini ziyarət edir və küsülülər barışır.

Baharın gəlişi münasibətilə hər birinizi səmimi qəlbdən təbrik edir, ailələrinizə möhkəm can sağlığı, süfrələrinizə bolluq və ruzi-bərəkət arzulayırıq. Qoy Novruz bayramı hər evə sevinc, xoşbəxtlik və yeni uğurlar gətirsin!

Mahmud Süleymanov,
İsmayıllı rayon İcra Hakimiyyəti Başçısının 1- ci müavini

  • Sosial şəbəkədə paylaş