
Novruz bayramı əsrlər boyu insanların həyatında xüsusi yer tutmuş, təbiətin oyanışını və yeni həyatın başlanmasını simvolizə edən qədim bayramdır. Bu bayramın kökləri çox qədim dövrlərə gedib çıxır və bir çox xalqlar tərəfindən baharın gəlişi münasibətilə qeyd olunur.
Qədim dövrlərdə insanlar təbiətlə sıx bağlı həyat sürürdülər. Torpağın oyanması, günəşin istiliyinin artması və bitkilərin canlanması insanlar üçün yeni həyatın başlanğıcı kimi qəbul edilirdi. Məhz buna görə də Novruz bayramı yenilənmənin və ümidin rəmzi hesab olunurdu.
Novruz ərəfəsində keçirilən dörd çərşənbə – Su, Od, Yel və Torpaq çərşənbələri xüsusi əhəmiyyət daşıyır. Bu çərşənbələr təbiətin oyanış mərhələlərini ifadə edir. İnsanlar bu günlərdə evlərini təmizləyir, bayrama hazırlıq görür və müxtəlif adət-ənənələri yaşadırlar.
Bayram günü tonqallar qalanır, uşaqlar papaq atır, insanlar qohum və dostlarını ziyarət edirlər. Novruz süfrəsində isə səməni xüsusi yer tutur. Səməni həyatın, bolluğun və bərəkətin rəmzi sayılır.
Novruz bayramı münasibətilə hər kəsi ürəkdən təbrik edir, həyatınıza sevinc, ailələrinizə xoşbəxtlik və firavan günlər arzulayırıq. Qoy baharın gəlişi hər biriniz üçün yeni uğurların başlanğıcı olsun!
Elçin Məmmədov,
İsmayıllı şəhəri İnternat tipli " Talıstan " Liseyi-nin direktoru
