Ali İqtisadiyyat Məktəbinin (HSE) Moskva Elektronika və Riyaziyyat İnstitutunun (MİEM) alimləri icmalar arasında informasiya mübadiləsinin onların sabitliyinə necə təsir etdiyini göstərən yeni riyazi model hazırlayıblar.
Tədqiqatın nəticələri "International Journal of Bifurcation and Chaos" jurnalında dərc olunub.
Alimlərin hazırladığı model göstərir ki, hətta bir icmanın digərinə zəif informasiya təsiri belə gözlənilməz nəticələrə səbəb ola bilər. Belə ki, icmalardan biri zahirən sabit qaldığı halda, digərində ayrı-ayrı iştirakçıların davranışında xaotik dəyişikliklər baş verə bilər.
Tədqiqat klassik təkamül oyunları nəzəriyyəsinə əsaslanır. Modeldə iki şərti icma nəzərdən keçirilib. İştirakçılar "Novak-Mey oyunu" adlanan, "Məhbus dilemması"nın bir variantı əsasında əməkdaşlıq etmək və ya yalnız şəxsi maraqları üstün tutmaq arasında seçim edirlər.
Ənənəvi modeldə iştirakçılar yalnız yaxın qonşularının davranışına əsaslanırdı. Yeni yanaşmada isə onlar həm öz icmalarının, həm də digər icmanın ümumi vəziyyətini nəzərə ala bilirlər. Bununla alimlər insanların qərarlarına təkcə şəxsi əlaqələrin deyil, ümumi informasiya mühitinin də təsirini modelləşdiriblər.
Tədqiqat zamanı sistemin sabitliyi başlanğıc mərhələdən sonra strategiyasını dəyişməyən iştirakçıların sayı ilə qiymətləndirilib. Bu göstərici nə qədər yüksək olarsa, icmanın davranışı bir o qədər sabit hesab olunur.
Nəticələr göstərib ki, iki icma arasında informasiya mübadiləsi onlara fərqli təsir göstərə bilər. Belə ki, icmalardan biri sabitliyini qoruduğu halda, digərində iştirakçılar strategiyalarını davamlı və xaotik şəkildə dəyişməyə başlayırlar.
Alimlər qeyd ediblər ki, xaos bütün icmanı eyni anda əhatə etmir. Əməkdaşlıq edənlərin orta payı sabit qalsa da, ayrı-ayrı iştirakçılar daim strategiyalarını dəyişə bilərlər. Üstəlik, belə dəyişikliklərin baş verməsi üçün güclü xarici təsir həmişə tələb olunmur. Bəzən icmalar arasında zəif informasiya əlaqəsi belə onlardan birinin gözlənilməz və daha az proqnozlaşdırılan davranış rejiminə keçməsi üçün kifayət edir.
