Hondurasda məşhur gənc rəqqasə oğurlandıqdan sonra öldürülüb və cəsədi çimərlikdə yandırılıb.
Bu barədə “Need To Know” yazıb.
21 yaşlı Sindi Loani Matute Morales Santa-Rosa-de-Aquan şəhərində yaşayırdı. O, sentyabrın 5-də axşam saatlarında yoxa çıxıb. Dostları ilə görüşərək əyləncəyə getməli olan rəqqasə evdən çıxdıqdan qısa müddət sonra telefon zənglərinə cavab verməyib.
Ertəsi gün, sentyabrın 6-da onun yanmış qalıqları qəbiristanlığın yaxınlığındakı çimərlikdə aşkarlanıb.
Rəqqasənin anasının sözlərinə görə, qızı son vaxtlar təhlükəsizliyindən narahat olub. Morales bir müddət əvvəl işdən çıxıb və onu izləyən şübhəli şəxslər səbəbindən başqa əraziyə köçüb. Anası həmçinin bildirib ki, bir dəfə onları avtomobildə olan bir neçə kişi təqib edib.
Məlumata görə, Morales sonuncu dəfə tanışlarının heç birinin tanımadığı bir qadınla birlikdə görülüb. Hazırda istintaqçılar onun həyatının son saatlarının xronologiyasını bərpa etməyə və şübhəlilərin izinə düşməyə çalışırlar.
Sindi Loani Matute Morales şəhərdə məşhur rəqqasə olub. O, festivallarda çıxış edib, müxtəlif tədbirlərdə model kimi çalışıb. Ölümündən bir neçə gün əvvəl karnavalda rəqs edən Moralesin videosu sosial şəbəkələrdə geniş yayılıb.
Rəqqasənin "TikTok" hesabının 13 minə yaxın izləyicisi olub. Onun azyaşlı qızı qalıb.
