Əməkdar həkim, ləyaqətli ziyalı, əziz dostum Cabir Məmmədovun mənalı həyatına, fəaliyyətinə və unudulmaz xatirəsinə yazıçı-publisist Qvami Məhəbbətoğlu ilə birlikdə həsr etdiyimiz “Zaman gələr, zaman gəlməz” adlı kitabımızın qədəmləri uğurlu, təqdimatı da maraqlı və yaddaqalan oldu.
El içində adına “Ürək həkimi” deyilən Cabir doktor mənim ürək ağrılarımın, ən ağrılı duyğularımın ən gözəl loğmanı olub, misralardan, beytlərdən, bəndlərdən boylanan göynərtilərimi müdrik və həlim baxışlarıyla müayinə edib. Bu mənəvi sayğıya töhfə olaraq hələ Cabir doktorun sağlığında ona “Ürək həkimi” adlı şeir də həsr etmişdim.
Tale elə gətirdi ki, bu günlərdə “Ürək ağrılarımı yetim qoyan” doktorumuzun xatirəsini “Zaman gələrlə zaman gəlməz”in ədəbi məkanında əbədiləşdirdik.
Cabir doktor Zaman məfhumunun “Zaman gələr, Zaman gəlməz” ümumiləşdirməsini özünün yaşam tərzinə çevirmişdi. Biz Cabir doktorun təkcə Zamanın içində yaşamadığının, sanki, Zamanın da qayğısını çəkdiyinin, Zamanın da dərd-sərinə şərik olduğunun şahidiydik.
Cabir doktorun Quba və bütün Azərbaycanımız üçün ən qiymətli sərvət sandığı varlıq da vətənpərvər ziyalı obrazı idi, - dünyanın hər yerində və tarixin bütün mərhələlərində olduğu kimi bəşərin əşrəfi olan ziyalı insan obrazı.
Cabir doktor ömrünün ən mənalı çağlarını və peşəsinin ən dəyərli anlarını insanların düçar olduqları xəstəliklərin və üzləşdikləri ağrıların müalicəsini həsr edən fədakar həkim idi.
Cabir doktor həkimlik peşəsini və bu peşənin mahiyyətini ürəklə yaşayırdı. Həssas xarakter, davamlı gərginlik, gecə növbətçiliyinin yorğunluğu, palatalarla reanimasiya arasındakı qayğılı var-gəllər doktorun könüllü həyat tərziydi.
Ürək xəstələrini ürəklə qəbul edirdi, ürəklə müayinə edirdi, müalicə proseslərinin gərginliyini ürəyinin şəfqət mehriylə keçirdi, xəstənin sağalan ürəyinə səmimiyyətindən süzülüb gələn işığı həb kimi yeridirdi. Xəstə xəstəxanaya bir ürəklə gəlib iki ürəklə ayrılırmış kimi hiss edirdi özünü. Hər uğurlu müalicədən sonra sanki Cabir doktorun ürəyi də böyüyürdü, xəstənin xoşhal ürəyinin məmnunluğnundan zövq alırdı.
Ürəkli ürək həkimiydi Cabir doktor. Cabir doktor həm də “ürək”li ürəklərin həkimiydi.
Ürək loğmanı olduğu qədər də ürək memarıydı, ürək bilicisi, ürək eksperti idi. Möhkəm iradə və xarakterə, dəyişməz mövgeyə malik idi.
Qəlbi səfa işığıyla dolu olduğundan xəstə ürəkləri qəlbən oxuyub müalicəyə keçirdi, fərqli qəlblərin narahatlığını həqiqətin ilahi hökmüylə aradan qaldırırdı. Qəlb oxşayan qəlblərə də, qəlb qıran qəlblərə də eyni şəfaqətlə yanaşırdı. Sağlamlıqla xəstəliyin təmas xəttində zəka nuruyla çalışır, ağıl diliylə danışırdı.
Onun üçün həkim adını daşımaq olduqca şərəfli və məsuliyyətli idi. Bəli, Cabir doktor qürur duyduğu bu missiyanı ömrünün sonunadək öz təmiz qəlbi və şərəfli əməyi ilə yerinə yetirdi.
Elə ömrünü neçə-neçə xəstənin ömrünə calayan, bir baxışla diaqnoz qoyan, bir toxunuşla ümid verən, hətta zamanın dayandığı məqamlarda belə Allahın izni ilə ürəkləri yenidən döyündürməyi bacaran şəfqət sahibi, doktor Cabir İsrafil oğlu Məmmədovun həyat və fəaliyyətinə həsr etdiyimiz “Zaman gələr, zaman gəlməz” adlı kitabının təqdimat mərasimi Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında keçirildi.
Quba Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyasının Quba rayon təşkilatinın dəstəyi, ADPU-nun Quba filialının təşkilatçılığı və filialın Heydər Əliyev Lektoriyasının müdiri, şair - publisist Nəhayət Şirinovanın moderatorluğu ilə baş tutan təqdimat müxtəlif bölgələrdən gələn qonaqların və Quba ictimaiyyətinin iştirakı ilə, çox maraqlı və səmimi çıxışlarla yadda qaldı.
İlk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi, ərazi bütövlüyümüz uğrunda canından keçən şəhidlərin əziz xatirəsi ehtiramla yad edildi.
Tədbir iştirakçılarına Əməkdar həkim Cabir Məmmədovun həyat və fəaliyyətindən bəhs edən “Əməkdar həkim” adlı videoçarx təqdim olundu.
Tədbiri giriş sözü ilə ADPU-nun Quba filialının direktoru, Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi, fizika elmləri doktoru, professor Yusif Alıyev açaraq qonaqları salamladı. Professor Yusif Alıyev çıxışında Azərbaycan cəmiyyətində elm, təhsil, səhiyyə və ədəbiyyat sahəsində uzun illər səmərəli fəaliyyət göstərmiş, peşəkar fəaliyyəti ilə insanların rəğbətini qazanmış şəxsiyyətlərin həyat yolunun öyrənilməsinin və gələcək nəsillərə çatdırılmasının mühüm əhəmiyyət daşıdığını vurğuladı. O, Cabir Məmmədovun zəngin həyat və əmək yolunun kitab formatında əbədiləşdirilməsini yüksək qiymətləndirərək müəlliflərə təşəkkürünü bildirdi və tədbirin təşkilində əməyi olan hər kəsə minnətdarlığını ifadə etdi.
Daha sonra Quba Rayon İcra Hakimiyyəti başçısının müavini Səidə Abbasova, Yeni Azərbaycan Partiyası (YAP) Quba rayon təşkilatının sədri Fidan Hüseynova, Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi, Azərbaycan Yazıçılar Birliyinin sədrinin baş müşaviri, aparat rəhbəri Rauf Aslanov, Azərbaycan Yazıçılar Birliyinin Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri, ədəbi tənqidçi Əsəd Cahangir, Quba Rayon Mərkəzi Xəstəxanasının direktoru Azər Zeynalov, Tibb üzrə fəlsəfə doktoru, həkim Rafiq Kərimov, ADPU-nun Quba filialının direktor müavini, pedaqogika üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi Aysel Şeydayeva, RMX-nın kardioloqu Nazim Şafiyev, Şəhid atası Niyaz Məlikov, “Vətən Naminə” Şəhid Ailələrinə Dəstək” İctimai Birliyinin sədri, Şəhid anası Tünzalə Abduləlimova, ziyalı Hacıbaba Bayramov, Əməkdar artist Ağalar Bayramov, Cabir doktorun oğlu Rəşad Cabirli çıxış edərək kitabın ərsəyə gəlməsini yüksək qiymətləndirdilər, Cabir Məmmədovun şəxsiyyəti və həyat yolunun cəmiyyət üçün nümunəvi məqamlarına toxundular.
Çıxışlarda xüsusilə vurğulandı ki, “Zaman gələr, zaman gəlməz” kitabı yalnız bir həkimin həyat yolunu əks etdirən nəşr deyil, eyni zamanda insan ömrünün mənası, peşəyə sədaqət, xalqa xidmət və mənəvi dəyərlərə bağlılıq kimi ali prinsipləri özündə ehtiva edən qiymətli salnamədir. Kitabın ərsəyə gəlməsi Cabir Məmmədovun xatirəsinin yaşadılması ilə yanaşı, onun həyat və fəaliyyətinin gələcək nəsillərə çatdırılması baxımından da əhəmiyyətlidir.
Tədbirin sonunda kitabın müəllifləri Ramiz Qusarçaylı və Qvami Məhəbbətoğlu çıxış edərək nəşrin ərsəyə gəlməsi prosesindən, Cabir Məmmədovun həyat yolunun öyrənilməsi və kitablaşdırılması ilə bağlı məqamlarından bəhs edib, tədbir iştirakçılarına təşəkkürlərini bildirdilər.
