Sizin reklam burada
Sizin reklam burada

Azərbaycanın multikulturalizm ənənələri beynəlxalq forumda

Azərbaycanın multikulturalizm ənənələri beynəlxalq forumda
Müasir dünyada sülhün, qarşılıqlı etimadın və davamlı əməkdaşlığın möhkəmləndirilməsi müxtəlif mədəniyyətlər arasında dialoqun inkişafını zəruri edir. Qlobal çağırışların artdığı bir şəraitdə xalqların bir-birini daha yaxından tanıması, fərqli dəyərlərə hörmətlə yanaşması və ortaq məqsədlər ətrafında birləşməsi xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan, oktyabrın 27-də Bakıda “Ortaq gələcək naminə dialoq” mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu öz işinə başlayıb. Forumun açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxış edərək mədəniyyətlərarası münasibətlər, Azərbaycanın multikulturalizm ənənələri və beynəlxalq əməkdaşlığın əhəmiyyəti barədə fikirlərini bölüşüb.
Dövlət başçısı çıxışında forumun beynəlxalq nüfuzuna və mədəniyyətlərarası münasibətlərin inkişafındakı roluna diqqət çəkib. Müxtəlif ölkələrin nümayəndələrini, beynəlxalq təşkilatların təmsilçilərini və ekspertləri bir araya gətirən bu platforma qlobal problemlərin müzakirəsi, qarşılıqlı fikir mübadiləsi və əməkdaşlıq imkanlarının genişləndirilməsi baxımından əhəmiyyət daşıyır.
Cənab Prezident İlham Əliyev Azərbaycanın tarixən müxtəlif mədəniyyətlərin qovuşduğu məkan olduğunu vurğulayaraq, ölkəmizin Avropa ilə Asiya arasında mədəniyyət körpüsü rolunu qeyd edib. Əsrlər boyu formalaşmış multikulturalizm ənənələri, dini və etnik dözümlülük, müxtəlif xalqların nümayəndələrinə göstərilən hörmət Azərbaycan cəmiyyətinin səciyyəvi xüsusiyyətlərindəndir. Ölkəmizdə müxtəlif dini və etnik qrupların nümayəndələrinin qarşılıqlı anlaşma şəraitində yaşaması bu ənənələrin davamlılığını nümayiş etdirir.
Çıxışda milli-mənəvi dəyərlərin, ana dilinin və ənənələrin qorunmasının əhəmiyyəti də vurğulanıb. Azərbaycanın müstəqillik illərində əldə etdiyi nailiyyətlər, dövlətçiliyin möhkəmləndirilməsi və milli birliyin qorunması ölkənin inkişafında mühüm rol oynayıb. Cəmiyyətdə həmrəyliyin və milli kimliyin qorunması, bu dəyərlərin gələcək nəsillərə ötürülməsi xüsusi əhəmiyyət daşıyır.
Dövlət başçısı Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpasına da toxunub. 2020-ci ildə Vətən müharibəsində qazanılmış Zəfər və 2023-cü ildə həyata keçirilmiş antiterror tədbirləri nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edilib. Prezident İlham Əliyev regionda davamlı sülhün təmin olunmasının, dövlətlər arasında etimadın möhkəmləndirilməsinin və beynəlxalq hüququn prinsiplərinə əməl edilməsinin vacibliyini diqqətə çatdırıb.
Çıxışda beynəlxalq münasibətlərdə qarşılıqlı hörmət, dövlətlərin suverenliyinə ehtiram və daxili işlərə qarışmamaq prinsiplərinin əhəmiyyəti də ön plana çəkilib. Dövlətlər arasında bərabərhüquqlu münasibətlərin qurulması, ikili standartların aradan qaldırılması və beynəlxalq təşkilatların qərarlarına hörmətlə yanaşılması qlobal əməkdaşlığın əsas şərtlərindəndir.
Azərbaycanın beynəlxalq əlaqələrinin genişlənməsi, enerji və nəqliyyat sahələrində həyata keçirilən layihələr, eləcə də beynəlxalq tədbirlərə ev sahibliyi etməsi ölkəmizin əməkdaşlıq imkanlarını artırır. Bakıda belə mötəbər forumların keçirilməsi Azərbaycanın mədəniyyətlərarası dialoqun inkişafına verdiyi önəmi və beynəlxalq əməkdaşlıqda iştirakını nümayiş etdirir.
VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində mədəniyyətlərarası və dinlərarası münasibətlər, sülh quruculuğu, rəqəmsal inkişaf və müasir dünyanın digər aktual məsələləri müzakirə olunur. Tədbir müxtəlif ölkələrin nümayəndələri arasında fikir mübadiləsi aparılması, ortaq yanaşmaların formalaşdırılması və əməkdaşlığın genişləndirilməsi üçün imkan yaradır.
Prezident İlham Əliyevin forumdakı çıxışı mədəniyyətlərarası dialoqun, qarşılıqlı hörmətin və beynəlxalq əməkdaşlığın əhəmiyyətini bir daha gündəmə gətirib. Bakıda keçirilən bu beynəlxalq tədbir xalqlar arasında anlaşmanın möhkəmləndirilməsi, sülh və sabitliyin təşviqi, eləcə də ortaq gələcək naminə birgə fəaliyyətin genişləndirilməsi baxımından mühüm platformadır.

Rövşən Əhmədov
YAP Ağcabədi rayon təşkilatının sədri

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ