Rusiyanın Su-57 qırıcısı Misirdə keçirilən beynəlxalq aviaşouya daxili yanacaq çənlərindən istifadə etməklə uçub.
Bu barədə “The Defence Blog” məlumat yayıb.
Bildirilib ki, Su-57E Misirin Əl-Alameyn şəhərində keçirilən aviaşouya bir aralıq enişlə çatıb. Təyyarə yerə endikdən sonra onun çənlərində daha təxminən 1000 kilometr uçuşa kifayət edəcək yanacaq qalıb. Növbəti gün həmin ehtiyat nümayiş uçuşunun həyata keçirilməsinə imkan verib.
“Rostex”in məlumatına görə, qırıcıda xarici asma yanacaq çənləri əvəzinə silah bölmələrinin daxilində yerləşdirilən əlavə yanacaq çənlərindən istifadə olunub. Bu üsul təyyarənin aerodinamik xüsusiyyətlərini və görünməzlik konsepsiyasını qorumağa imkan verir.
Su-57E Rusiyanın Su-57 qırıcısının ixrac versiyası hesab olunur. Rusiya tərəfi onun xarici müştərilərə tədarükünə başlanıldığını bildirsə də, alıcı ölkələrin adlarını və təyyarələrin sayını açıqlamır.
