Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələrində 20 Yanvar – Ümumxalq Hüzn Gününə həsr olunmuş silsilə tədbirlər keçirilib. Tədbirlərin əsas məqsədi 1990-cı ilin 20 Yanvar faciəsinin tarixi-siyasi mahiyyətini şagirdlərə aşılamaq, Vətən uğrunda canlarından keçmiş şəhidlərin xatirəsini ehtiramla yad etmək, gənc nəsildə vətənpərvərlik, milli-mənəvi dəyərlərə hörmət və azadlıq ideallarına sədaqət hisslərini gücləndirmək olub.
Keçirilən tədbirlər çərçivəsində təhsil müəssisələrində sinifdaxili maarifləndirici tədbirlər, açıq dərslər, dəyirmi masalar və anım mərasimləri təşkil edilib. Bununla yanaşı, pedaqoji kollektivin və şagirdlərin iştirakı ilə Şəhidlər xiyabanına ziyarətlər həyata keçirilib, Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəmanların məzarları önünə gül dəstələri düzülüb.
Tədbirlərdə qeyd olunub ki, 20 Yanvar Azərbaycan tarixində istiqlal yolunun başlanğıcı, milli oyanış və özünüdərk mərhələsinin zirvəsi kimi qiymətləndirilir. Üzərindən 36 il keçməsinə baxmayaraq, bu qanlı tarix xalqımızın müstəqillik və milli məfkurə uğrunda ayağa qalxdığı, azadlıq naminə ən ağır qurbanlara belə hazır olduğunu sübut edən unudulmaz gün kimi yaddaşlarda qalmaqdadır.
Bu baxımdan 20 Yanvar hadisələrinin mahiyyətinin gənc nəsillərə düzgün şəkildə çatdırılmasının, tarixi yaddaşın qorunmasının və gələcək nəsillərə ötürülməsinin vacibliyi xüsusi qeyd edilib.
Anım tədbirləri çərçivəsində şagirdlər 20 Yanvar faciəsinə həsr olunmuş şeirlər səsləndirib, vətənpərvərlik ruhunda hazırlanmış ədəbi-bədii kompozisiyalar, səhnəciklər və təqdimatlar nümayiş etdiriblər. Şagirdlərin çıxışlarında Vətən sevgisi, şəhidlik zirvəsinin ucalığı, azadlığın qiyməti və müstəqil Azərbaycan ideyası əsas xətt kimi ön plana çəkilib.
