Sizin reklam burada
Sizin reklam burada

Ananın qüruru

Ananın qüruru

Canım oğlum! Səni ad günün münasibəti ilə bütün qəlbimin dərinliyindən gələn sevgi və minnətdarlıq hissi ilə təbrik edirəm. İnsan həyatında elə günlər var ki, onlar sadəcə keçib getmir - insanın içində dərin bir iz kimi qalır. Sənin dünyaya gəldiyin həmin o gün mənim üçün məhz belə gündür. O an həyat mənim üçün yeni bir məna qazandı. Sanki zaman öz axışını dəyişdi və mən anladım ki, artıq mənim ürəyim təkcə özüm üçün döyünmür. O gündən sonra hər sevincim səninlə, hər narahatlığım səninlə, hər duam sənin adınla birləşdi. ... illər keçdi, sən böyüdün, uşaqlığın, o saf və kövrək günlərin arxada qaldı. Yerini artıq böyük düşünən, hər şeyi analiz edən, böyük məsuliyyət daşıyan bir insan aldı. Amma sən, mənim qəlbimdə heç vaxt dəyişmədin, sənin böyüməyin məni səndən uzaqlaşdırmadı və əksinə, səni daha dərindən sevməyimə səbəb oldu. Çünki insan övladını təkcə gördüyü ilə yox, onun iç dünyası ilə sevir. Həyat sənə müxtəlif yollar göstərdi. Bəzən rahat, bəzən çətin, bəzən də insanı susmağa məcbur edən yollar... Və sən düşdüyün yerdən qalxmağı, yenidən başlamağı, öz yolunu qurmağı bacardın.

Ananın qüruru

Sənin bu səbrin, daxili gücün və özünə sadiqliyin mənim üçün sadəcə bir ANA QÜRURU deyil, həm də bir insan kimi dərin hörmət hissidir. Sənin həyatına baxanda artıq təkcə övladımı deyil, öz ailəsinin dayağı olan bir kişini görürəm. Həyat yoldaşına olan sevgi dolu münasibətin, evinə verdiyin dəyər, diqqət və məsuliyyətin sənin xarakterinin ən aydın güzgüsüdür. Ailə qurmaq təkcə bir birlik deyil, həm də ömürlük məsuliyyətdir. Sən bu məsuliyyəti sevgi ilə daşımağı bacarırsan, oğlum. Övladların Mələk və Əmir... onların varlığı sənin həyatının ən gözəl davamıdır. Onların gülüşündə sənin sabahların, baxışlarında sənin keçmişindən gələn izlər var. Onların böyüməsində sənin səbrli, qayğıkeş və sevgi dolu ürəyin hiss olunur. Bu, insan ömrünün ən böyük zənginliyidir- özündən sonra sevgini yaşatmaq. Əziz oğlum! Arzu edirəm ki, həyat sənə tələsmədən, amma dolu-dolu yaşanan illər bəxş etsin. Qoy, hər yeni gün sənin üçün bir yük yox, bir nəfəs olsun. Uğur sənin həyatında təzyiq deyil, təbii bir axın kimi olsun. Və unutma ki, insanı yaşadan təkcə illər deyil, onun içində yaşadığı mənadır. Sən bu illəri mənaya çevirən insansan. Sən, mənim həyatımın ən böyük qüruru, ən böyük duasısan. Ananın qüruru-ad günün mübarək olsun!

Hörmətlə: Anan Təranə

  • Sosial şəbəkədə paylaş