
10 May xalqımızın qürurla qeyd etdiyi mühüm tarixi gündür. Bu gün Azərbaycanın dahi oğlu, Ümummilli Lider Heydər Əliyevin anadan olduğu gündür. Onun həyatı və fəaliyyəti Vətənə, xalqa və dövlətə sonsuz sevginin nümunəsidir.
Heydər Əliyev hər zaman xalqına arxalanır və xalqın gücünə inanırdı. O, xalqın rifahı və Azərbaycanın gələcəyi naminə gecə-gündüz çalışırdı. Azərbaycanın ən ağır günlərində belə Ulu Öndər öz qətiyyəti və siyasi iradəsi ilə xalqına ümid verirdi.
Ulu Öndərin fəaliyyətində təhsil və gənclər siyasəti xüsusi yer tuturdu. O hesab edirdi ki, ölkənin gələcəyi savadlı və vətənpərvər gənclərdən asılıdır. Məhz onun təşəbbüsü ilə minlərlə azərbaycanlı gənc xarici ölkələrdə təhsil almaq imkanı qazandı.
Heydər Əliyev milli birliyə də xüsusi önəm verirdi. O, Azərbaycan xalqını vahid amal ətrafında birləşdirməyi bacardı. Onun “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” fikri hər bir azərbaycanlı üçün böyük qürur mənbəyidir.
Bu gün Azərbaycanın əldə etdiyi uğurların əsasında Heydər Əliyev ideyaları dayanır. Xalqımız Ümummilli Liderin əziz xatirəsini daim hörmət və ehtiramla yad edir.
Qiyas Abdullayev,
İsmayıllı rayon İcra Hakimiyyəti başçısının İsmayıllı şəhəri üzrə İcra Nümayəndəsi
