
10 May Azərbaycan xalqının böyük sevgi və ehtiramla qeyd etdiyi əlamətdar gündür. Bu tarix müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin anadan olduğu gündür. Ulu Öndər Heydər Əliyev xalqımızın tarixində silinməz iz qoymuş, öz adı ilə bütöv bir dövlətçilik məktəbi yaratmış böyük şəxsiyyətdir.
Heydər Əliyev Azərbaycan xalqının taleyində mühüm rol oynamış dahi siyasətçi idi. O, ölkəmizin ən ağır və mürəkkəb dövrlərində xalqın yanında olmuş, Azərbaycanı böyük təhlükələrdən qoruyaraq inkişaf yoluna çıxarmışdır. Onun uzaqgörən siyasəti nəticəsində Azərbaycan müstəqilliyini qoruyub saxlamış və möhkəm dövlətə çevrilmişdir.
1993-cü ildə ölkədə yaranmış siyasi böhran və hərc-mərclik xalqı ciddi narahat edirdi. Dövlətçiliyin itirilməsi təhlükəsi artıq reallığa çevrilmişdi. Belə bir çətin zamanda xalq öz xilaskarını – Heydər Əliyevi hakimiyyətə dəvət etdi. Ulu Öndərin qətiyyəti və siyasi təcrübəsi sayəsində ölkədə sabitlik təmin olundu, qanunsuz silahlı dəstələr zərərsizləşdirildi və dövlət idarəçiliyi bərpa edildi.
Heydər Əliyevin həyata keçirdiyi uğurlu iqtisadi siyasət ölkəmizin inkişafında mühüm rol oynadı. Neft strategiyası, xarici investisiyaların cəlb olunması və beynəlxalq əməkdaşlığın genişləndirilməsi Azərbaycanın iqtisadi qüdrətini artırdı. Ulu Öndərin müəyyən etdiyi inkişaf kursu bu gün də uğurla davam etdirilir.
Heydər Əliyev milli-mənəvi dəyərlərin qorunmasına xüsusi diqqət yetirirdi. Azərbaycan dili, milli mədəniyyət, adət-ənənələr və vətənpərvərlik ruhu onun siyasətində əsas yer tuturdu. O, gənclərin təhsilinə və inkişafına böyük önəm verir, Azərbaycanın gələcəyini savadlı gənclərdə görürdü.
Bu gün Azərbaycan xalqı Ümummilli Liderin əziz xatirəsini dərin hörmət və sonsuz minnətdarlıq hissi ilə yad edir. Heydər Əliyevin adı və siyasi irsi xalqımızın yaddaşında əbədi yaşayacaqdır.
İlhamə Qasımova
Goranboy şəhər 2 saylı tam orta məktəbin direktoru
