
10 May Azərbaycan tarixinin ən əlamətdar günlərindən biridir. Bu tarix Azərbaycan dövlətinin xilaskarı, müasir müstəqil Azərbaycanın memarı Heydər Əliyevin doğum günüdür. Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının taleyində əvəzsiz rol oynamış dahi şəxsiyyətdir.
Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə Azərbaycanın inkişafı və xalqın rifahı üçün yorulmadan çalışmışdır. Onun rəhbərliyi dövründə ölkəmiz sənaye, kənd təsərrüfatı, elm, təhsil və mədəniyyət sahələrində böyük uğurlar qazanmışdır. Sovet dövründə Azərbaycan ittifaq daxilində ən qabaqcıl respublikalardan birinə çevrilmişdi.
Lakin Ulu Öndərin ən böyük xidmətləri müstəqillik illərinə təsadüf edir. 1993-cü ildə ölkədə vətəndaş qarşıdurması və xaos hökm sürürdü. Dövlətçiliyin itirilməsi təhlükəsi yaranmışdı. Belə bir zamanda xalq nicat yolunu Heydər Əliyevdə gördü. Onun hakimiyyətə qayıdışı Azərbaycan tarixində dönüş nöqtəsi oldu.
Heydər Əliyevin rəhbərliyi ilə ölkədə sabitlik bərpa edildi, qanunsuz silahlı dəstələr zərərsizləşdirildi və hüquqi dövlət quruculuğuna başlanıldı. Azərbaycanın Konstitusiyası qəbul edildi, demokratik dövlət quruculuğu istiqamətində mühüm addımlar atıldı.
Ulu Öndərin xarici siyasəti də olduqca uğurlu idi. O, Azərbaycanı beynəlxalq arenada tanıtdı, ölkəmizin maraqlarını qətiyyətlə müdafiə etdi və dünya dövlətləri ilə möhkəm əlaqələr qurdu. Onun uzaqgörən siyasəti nəticəsində Azərbaycan regionun aparıcı dövlətinə çevrildi.
Bu gün Azərbaycan xalqı Heydər Əliyevin əziz xatirəsini sonsuz sevgi və minnətdarlıq hissi ilə yad edir. Onun siyasi irsi xalqımız üçün daim örnəkdir.
Asif İsmayılov
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi aparat rəhbərinin müavini
