Sizin reklam burada
Sizin reklam burada

Sözə, qələmə və insanlığa həsr olunan ömür

Sözə, qələmə və insanlığa həsr olunan ömür

Qardaşım Təranə Əmirqızı Cəbiyevanın 60 illik yubleyinə ürək sözlərim

Şirin xəyallara dalanda insanların sevinclərinə, dərd-sərlərinə şərik olanda, həyatı, gözəllikləri, yaxşı-yamanı duyub qiymətləndirəndə dönə-dönə düşünürəm: görəsən duyğusuz ya.amaq olarmı? Kiminsə dərd-sərini, arzusunu, sevincini duymadan rahat olmaq mümkündürmü?
Özümə verdiyim sualların cavabını götür-qoy etməmiş sanki ilahi bir varlıq mənimlə həmsöhbət olur. Mən də düşüncələrimi ağ vərəqə köçürməyə cəsarətlənirəm.

Sözə, qələmə və insanlığa həsr olunan ömür

Sətirlər kağıza köçəndən sonra məni həssaslıqla qınayanların halına acıyır və Allahıma şükr edirəm ki, nə yaxşı mənə duymaq, kiminsə halına yanmaq üçün kövrək bir ürək verib. Ürəyim ən sədaqətli dostum, sirdaşımdır. Yalnız masa və kompüter arxasında oturanda o hansısa gözəgörünməz bir qüvvə ilə birləşir və məni məndən alır. O anlarda özümdən ayrı düşsəm də, ən xoşbəxt insan oluram və fəxr edirəm ki...

Sözə, qələmə və insanlığa həsr olunan ömür

Fəxr edirəm ki, bu gün həmyerlimiz, elqızımız, cəsarətli, prinsipial qələm sahibi, nasir, yazıçı, şair Təranə Cəbiyeva ilə eyni dövrü bölüşürük. Fəxr edirəm ki, ikimiz də duyğusal insanlarıq. Fəxr edirəm ki, ikimiz də eyni torpağın övladıyıq. Fəxr edirəm ki... Bu fəxr etmələr birdirmi, ikidirmi, üçdürmü, neçədirmi?..

Sözə, qələmə və insanlığa həsr olunan ömür

İnsan ömründə elə şəxsiyyətlər var ki, onların həyatı təkcə yaşanan illərlə deyil, gördükləri işlərlə, yaratdıqları dəyərlərlə ölçülür. Belə insanlardan biri də sözə, mədəniyyətə, ziyalılığa və insanlara bağlılığı ilə seçilən Təranə Əmir qızı Cəbiyevadır. Bu gün onun 60 illik yubileyi münasibətilə keçdiyi həyat yoluna nəzər salmaq böyük qürur və xoş duyğular yaradır.

Təranə Əmir qızı Cəbiyeva 10 may 1966-cı ildə İsmayıllı rayonunun Quşencə kəndində ziyalı ailəsində anadan olub. Orta məktəbi Quşencə kənd tam orta məktəbində əla qiymətlərlə bitirib. Azərbaycan Dövlət Kooperativ İnstitunun mühasibat uçotu və iddia işi fakültəsini qiyabi bitirib. T.Cəbiyeva hələ orta məktəb illərindən yaradıcılıqla məşğuldur. Orta məktəbdə oxuyarkən belə məqalələri yerli rayon qəzetində dərc olunurdu. İlk əmək fəaliyyətinə Quşencə kənd orta məktəbində dərnək rəhbəri, laborant və əmək müəllimi kimi başlayıb. 1999-cu ildən mətbu orqanlarında müxbir kimi fəaliyyət göstərib. O, bir-çox müstəqil qəzet və jurnallarda müxbir, xüsusi müxbir, şöbə müdiri, məsul katib kimi çalışıb. Sonradan isə “İsmayıllı xəbərləri” qəzetinin baş redaktoru olub. 2006-cı ildə İsmayıllı rayonuna aid olan “Babadağa baxan ellər” adlı ilk 574 səhifəlik ensiklopedik kitabı işıq üzü görüb. Bir-birinin ardınca “İsmayıllı lətifələri”, “İsmayıllı ziyalılarının sorğu-məlumat kitabı”, “Eldən xəbər al...””, “Dərviş yolu” kitabı və nəhayət yenicə çapdan çıxmış 530 səhifəlik “Babadağa baxan ellər-2” adlı kitabı nəşr olunub. Təranə Cəbiyeva uzun illərdir ədəbi və elmi-yaradıcılıq fəaliyyəti ilə məşğuldur. Onun tədqiqatlarının əsas istiqamətini doğma bölgənin ensiklopedik, toponimik və folklor irsinin toplanması, araşdırılması və sistemləşdirilməsi təşkil edir. Müəllifin əsərləri bölgənin tarixi yer adları, adət-ənənələri və folklor nümunələrini əhatə edən tədqiqat xarakterli kitablardır. Bu əsərlərin hazırlanması məqsədilə uzun illər ərzində geniş sahə araşdırmaları aparmış, kənd-bəkənd gəzərək canlı folklor nümunələri toplamış, sistemli tədqiqat işi həyata keçirmişdir. Fəaliyyətinin xüsusiyyətinə görə folklorşünaslar ona simvolik olaraq “Dərviş” ləqəbi vermişdir. Bu yanaşma onun kənd-bəkənd gəzərək bölgə folkloru nümunələrini, toponimik məlumatları və mədəni yaddaşı toplaması ilə əlaqələndirilir və tarixi yaddaşı toplamasına işarə edən obrazlı bir ifadə kimi qəbul olunur.
O, eyni zamanda mədəni həyatın müxtəlif sahələrində fəallıq göstərmiş, görkəmli şəxsiyyətlərin anım günlərini, yubiley tədbirləri və bir sıra mədəni layihələrin həm təşəbbüskarı, həm də təşkilatçısı olmuşdur. Bu fəaliyyətlər onun üçün milli-mənəvi dəyərlərin qorunması, təbliği və gələcək nəsillərə ötürülməsi baxımından xüsusi əhəmiyyət daşıyır. T.Cəbiyeva ədəbi və ictimai fəaliyyətinə görə “Qızıl Qələm” mükafatı laureatıdır, bir-sıra mətbu orqanların fəxri fərmanları ilə təltif olunmuşdur. Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.
Təranə Cəbiyeva gələcəkdə də yaradıcılıq və tədqiqat işlərini genişləndirərək bölgə mədəni irsinin daha dərindən öyrənilməsinə, yeni əsərlərin ərsəyə gəlməsinə və milli-mənəvi dəyərlərin təbliğinə töhfə verməyi qarşısına məqsəd qoymuşdur.
Ailəlidir, bir oğlu və iki nəvəsi var.
Onun həyat və fəaliyyətində ən diqqətçəkən məqamlardan biri isə birləşdiricilik missiyasıdır. İllər öncə Bakıda və İsmayıllıda keçirilən möhtəşəm ziyalı görüşlərinin təşkilində Təranə xanımın xüsusi rolu olub. O, ziyalıları bir araya gətirməklə insanların arasında dostluq, hörmət, həmrəylik və birlik körpüsü qurmağı bacarıb. Digər ziyalımız Xeyrulla Ağayevlə birlikdə həyata keçirdiyi tədbirlər bu gün də xoş xatirələrlə yada salınır. “Babadağa baxan ellər” kitabının birinci hissəsi də məhz bu mənəvi birliyin təməlini qoyan mühüm addımlardan biri kimi yadda qalıb.

Sözə, qələmə və insanlığa həsr olunan ömür

Bu gün də həmin dostluq münasibətlərinin davamlı olması Təranə xanımın necə səmimi, necə dəyərli insan olduğunu bir daha sübut edir. O, insanları yaxınlaşdıran, mehribanlığı və xoş niyyəti təşviq edən ziyalı xanım kimi böyük hörmət qazanıb.
Təranə Cəbiyeva cəmiyyətdəki mövqeyi ilə də seçilir. Belə ki, o, Azərbaycan Müstəqil Jurnalistlər Liqasının üzvüdür. Onun jurnalistika sahəsindəki fəaliyyəti yüksək qiymətləndirilib və 2005-ci ildə Azərbaycan KİVİHİ Rəyasət Heyətinin “İnam” şərəf diplomuna layiq görülüb. Bu mükafat onun peşəsinə olan sədaqətinin və zəhmətinin bariz nümunəsidir.
Təranə xanım yalnız peşəkar jurnalist və yaradıcı insan deyil, həm də qayğıkeş ana və sevilən nənədir. Bir övlad anası olan Təranə xanım bu gün nəvəsinin sevgisi ilə həyatının ən gözəl çağlarını yaşayır və nənəliyin sevincini böyük məmnuniyyətlə hiss edir.

Sözə, qələmə və insanlığa həsr olunan ömür

Mən belə duyğusal və çətin günlərimizin dayağı olan T.Cəbiyeva ilə səmimiyyətə söykənən dostluğumuza, saf münasibətimizə peşman deyiləm. Hesab edirəm ki, dünyada duyğusuz heç nə yoxdur. Bütün canlılar – həşəratlar, ağaclar, torpaq, quşlar da duyur, təbiətin gözəllikləri bu duyğuların canlı tablosudur. Meşələr, qayalar, laləli çəmənlər, bülbüllər, güllər duyğulardan yaranıb və yaranacaq. Duyğusuz yaşamağı ömrün faciəsi sayıram. Bir insanın dərdinə şərik olanda, duyğularım mənə şirin bir kədər bəxş edəndə yüngülləşirəm, daha da yanmaq, yaşamaq istəyirəm. Haqqında söz açdığım yubilyarımız Təranə xanım da eynən mənim kimidir, eyni xasiyyətdədir. Bir iş düzəlməyincə özünü rahat his etmir. Söz verdisə, mütləq ona əməl etməlidir. Sözübütöv, əməlisaleh olduğu üçün hamı onun xətrini çox istəyir.
60 illik ömür yolu Təranə xanım üçün, sadəcə, yaşanan illər deyil, insanların qəlbində qoyduğu izlər, qazandığı hörmət və yaratdığı mənəvi dəyərlərlə ölçülür. O, sözə sədaqəti, insanlara sevgisi və ziyalılığı ilə örnək bir həyat yaşayıb.
“5 qardaş” kimi qrupda birləşən bizlərin bacısı Təranə Cəbiyevanın dünyəvi-fəlsəfi baxışları, düşüncələri çox maraqlıdır, insan psixologiyasının incəliklərini bilir. Məhz buna görə də hər bir insanla asanlıqla dil tapa, ünslyyat qura, başqalarının xarakterinə, baxışlarına təsir göstərə bilir. Yazıçı və jurnalist kimi ona görə uğur qazana bilir ki, insanın iç dünyasına nüfuz etməyi bacarır. Yazılarından da əsl ziyalı ətri gəlir, fikir və düşüncələri ilə başqalarını da düşündürə bilir. İnsanın aysberq kimi maraqlı və zəngin hissəsi olan görünməyən tərəfini görməyə çalışır və bunu bacarır da. İnsanları daha çox müsbət keyfiyyətlərinə görə tanımağı və sevməyi üstün tutan Təranə xanımın böyük insan sevgisinin fövqündə bu duyğu durur. Kimdəsə nöqsan axtarmır, qəlbində nifrətə yer ayıran deyil. Geniş dünyagörüşü, daxili zənginliyi, nəhayətsiz sevgisi onun yaddaşına böyük güc verib, fenomenal yaddaş sahibinə çevirib.Vətən sevgisinin böyüklüyü ona İsmayıllını, eləcə də Quşencəni, bütövlükdə isə Azərbaycanı, dünəni va bu günü eyni dərəcədə sevməyə imkan verir. Ondan çox şey öyrənməyə dəyər.
Bu əlamətdar yubiley münasibətilə Təranə Əmir qızı Cəbiyevaya möhkəm can sağlığı, uzun ömür, yeni yaradıcılıq uğurları və ailə xoşbəxtliyi arzulayırıq. Qələminiz daim yazsın, sözünüz daim yaşasın, hörmətiniz isə hər zaman zirvədə olsun!

P.S
Qardaş, hər zaman belə gözəl, gənc və təravətli qal! Allah nəsib eləsin sənin haqqqında 100 illik yubleyində də yazaq. Öpüldün!

Sənə sonsuz sayğılarımla qardaşın Yusif

  • Sosial şəbəkədə paylaş