Düzgün oturuş qaydası onurğanın təbii əyriliyini qoruyur və tez yorulmanın qarşısını alır.
Bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilən canlı yayım zamanı nazirliyin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun travmatoloq-ortopedi İlham Şıxbabayev açıqlayıb.
Onun sözlərinə görə, düzgün oturuş zamanı 3 ədəd 90 dərəcə qaydasına riayət edilməlidir: Dirsəklər masa üzərində olduqda dirsək oynağı, çanaq-bel bucağı və diz oynaqları təxminən 90 dərəcə bükülməlidir. Uşağın ayaq altları tam olaraq yerə və ya xüsusi dayağa dəyməli, havada qalmamalıdır. Bel hissəsi stulun arxalığına söykənməli, kitab və ya dəftərlə göz arasında 30-35 sm məsafə saxlanılmalıdır.
İ. Şıxbabayev qeyd edib ki, valideynlər uşağın oturuşunda tez-tez edilən bir neçə səhvə diqqət yetirməlidirlər: Uşağın ayaqlarını altına qatlayaraq oturması çanaq balansını pozur və qan dövranını çətinləşdirir. Çənəni ələ söykəyib bir tərəfə əyilmək onurğanın yan tərəfə əyilməsinə (skolioz) yol açır. Yazı yazarkən masa üzərinə həddindən artıq yatmaq boyun əzələlərinə gərginlik salır, göz zəifləməsinə və "qozbel"liyə səbəb olur. Son olaraq, uşağın boyuna uyğun gəlməyən böyük masa və stul istifadəsi də qamətin pozulmasının əsas səbəblərindəndir; uşağın ayaqları yerə çatmırsa, mütləq altlıqdan istifadə edilməlidir. Həmçinin, evdə uşaqlar uzun müddət masa arxasında oturub dərs oxuyurlarsa, mütləq şəkildə hər 40-50 dəqiqədən sonra 15-20 dəqiqəlik fasilə verməsi məsləhətdir.

