Görüşdə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov, Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin rəisi Elşən Hüseynov, həmçinin hər iki qurumun əməkdaşları iştirak ediblər.
Görüş zamanı təhsilalanların və gənclərin asudə vaxtının səmərəli təşkili, onların ictimai fəallığının artırılması, sağlam həyat tərzinin təşviqi, idmana və müxtəlif intellektual fəaliyyətlərə marağının gücləndirilməsi istiqamətində əməkdaşlığın əhəmiyyəti vurğulanıb.
İmzalanan memorandum çərçivəsində məktəblilər və gənclər arasında maarifləndirici görüşlərin, intellektual və idman yarışlarının, sosial və yaradıcı layihələrin, müxtəlif təşəbbüslərin, eləcə də “Şahin” hərbi-idman oyunlarının keçirilməsi nəzərdə tutulur.
Sənəd, həmçinin təhsilalanların və gənclərin bacarıq və potensiallarının üzə çıxarılması, onların müxtəlif sahələrdə fəal iştirakının təmin edilməsi və faydalı təşəbbüslərin dəstəklənməsi baxımından birgə fəaliyyət üçün yeni imkanlar yaradacaq.
Əməkdaşlığın regionda təhsil, gənclər və idman sahələrinin qarşılıqlı əlaqəsinin gücləndirilməsinə, birgə layihələrin həyata keçirilməsinə və gənclərin inkişafına töhfə verməsi nəzərdə tutulur.
