Sizin reklam burada
Sizin reklam burada

Ortaq gələcəyin inşası: İlham Əliyev dünyaya dialoq modeli təqdim edir

Ortaq gələcəyin inşası: İlham Əliyev dünyaya dialoq modeli təqdim edir


Bakıda keçirilən “Ortaq gələcək naminə dialoq” mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu sivilizasiyalar arasında sülhün əldə edilməsi, problemlərin müzakirələr yolu ilə həlli ilə bağlı mühüm presedent yaradıb. Dünyadan müharibələrin, münaqişələrin davam etdiyi, hər keçən gün daha da şiddətləndiyi dövrdə belə bir dialoq bəşəriyyətin gələcəyinə mühüm töhfə verir. 2011-ci ildə Azərbaycanın təşəbbüsü ilə başlanan forum artıq 15 ildir davam edir və bu müddətdə qlobal gündəlikdəki məsələlər ətrafında müzakirələrin aparılması, həll yollarının tapılmasında mühüm platformaya çevrilib.

Bu il keçirilən forumun “Ortaq gələcək naminə dialoq” mövzusuna həsr olunması xüsusilə əhəmiyyətlidir, çünki qlobal münaqişələrin genişlənməsi dünyanın ortaq gələcəkdən uzaqlaşması risklərini yaradır. Azərbaycan məhz bu risklərin aradan qaldırılması üçün ortaq gələcək naminə dialoq platforması yaradıb.

Forumun açılış mərasimində iştirak edən Prezident İlham Əliyev çıxışında mühüm məsələlərə toxunub.

Azərbaycançılıq irsi sülh və dialoqun təməli kimi

Azərbaycanın qlobal dialoqa ev sahibliyi etməsi, bir çox hallarda bunun təşəbüskarı olmasının təməlində təbii ahəng dayanır. Çünki Azərbaycan dini və etnik dözümlülük nümunəsidir. Prezident qeyd edib ki, multikulturalizm ənənələri, dini və etnik dözümlülük xalqımızın əsrlər boyu yaşatdığı meyarlar olub və biz onları yüksək dəyərləndiririk.

“Azərbaycanın uğurlu və sabit inkişafının təməlində dayanan əsas səbəblərdən biri isə cəmiyyətimizdəki ahəngdarlıqdır. Bütün etnik qrupların, dinlərin nümayəndələrinin Konstitusiyamıza uyğun olaraq, nəinki bərabər hüquqları var, onlar, həmçinin bir ailə kimi yaşayırlar. Biz həmrəylik, qarşılıqlı hörmət və anlaşmanın ən yüksək səviyyəsini həqiqətən hiss edirik. Hamımız milli ideyalar ətrafında birləşirik. Onlardan biri azərbaycançılıqdır. O, Azərbaycandakı bütün xalqları bir araya gətirir. Bu birlik müstəqillik tariximizin ən ağır vaxtlarında özünü göstərib. Ermənistanın hərbi təcavüzü və işğalı, həmçinin İkinci Qarabağ müharibəsi zamanı bütün etnik və dini qrupların nümayəndələri özünəməxsusluğumuzu qorumaq, ədaləti müdafiə etmək və ərazi bütövlüyümüzü bərpa etmək üçün Qələbəmizin rəmzi olan “Dəmir yumruq” kimi vuruşdular”, - dövlət başçısı vurğulayıb.

İkinci Qarabağ müharibəsində Azərbaycan xalqının biriyi bunun ən real nümunəsi idi. Bu birliyin təməlində məhz azərbaycançılıq ideologiyası dayanır. Azərbaycançılıq ideolgiyasının tarix boyu ölkəmizin yerləşdiyi coğrafiyada mövcyud olub. Hələ Qafqaz Albaniyası dövründə müxtəlif etnik və dini qruplar vəhdət şəkildə bu coğrafiyada yaşayırdı. Sonrakı dövrlərdə - Şirvanşahlar, Ağqoyunlular, Səfəvilər, Əfşarlar dövründə də bu belə davam etdi. Müasir Azərbaycanın tarixində isə bu ideologiyanın işlənilməsi, təkmilləşdirilməsi və vəhdətin təməllərinin gücləndirilməsini Ulu Öndər Heydər Əliyev həyata keçirdi. Prezident İlham Əliyevin dövründə də bu irs qorunur, inkişaf etdirilir, dini və etnik vəhdət gücləndirlir. Bu baxımdan, mədəbniyyətlərarası dialoqa Azərbaycanın rəhbərlik etməsi təbii proses hesab oluna bilər.

Azərbaycan üçün əsas risklər haradan gəlir?

Ölkə daxilində milli həmrəliyimizə risk yox səviyyəsindədir. Bunun təməində də multikulturalizm dəyərləri dayanır. Azərbaycana qarşı mümkün risklər xaricdən ideoloji müdaxilə cəhdlərinin edilməsidir, Prezident İlham Əliyev bu məsələyə xüsusilə toxundu.

“Bir neçə dəfə qeyd etdiyim kimi, bizim Azərbaycanda hər hansı daxili risklərimiz yoxdur. Bütün potensial risklər hüdudlarımızın kənarından gəlir. İdeoloji risklər isə fiziki risklər qədər təhlükəlidir. Buna görə biz hər zaman ayıq-sayıq olmalıyıq, özünəməxsusluğumuzun, dövlətçiliyimizin, müstəqilliyimizin və həyat tərzimizin qorunmasına çox sadiq olmalıyıq, - dövlət başçısı bildirib.

Qeyd edib ki, kiminsə sənə necə yaşamağı öyrətmək istəmək ikili standartdır: “Halbuki bunu etməzdən əvvəl güzgüyə baxıb özündən soruşmalısan: sənin kiməsə ağıl öyrətməyə, müstəqil bir ölkəyə necə yaşamalı olduğunu, nə etməli və nə etməməli olduğunu diktə etməyə mənəvi haqqın varmı? Biz heç vaxt bunu etmirik. Biz diqqətimizi öz daxili işlərimizə yönəldirik. Başqa ölkələrdə baş verənlər isə həmin ölkələrin xalqlarının işidir. Bu, bizim işimiz deyil. Biz də özümüzə qarşı eyni münasibəti gözləyirik və buna nail oluruq”.

Prezident bununla bir daha Azərbaycanın daxili işlərinə müdaxilə cəhdlərinə imkan verilməyəcəyini bəyan etdi. Eyni zamanda, qlobal problemlərin həllində həlledici olacaq model də təqdim edir: daxili işlərə müdaxilə edilməməsi.

Mövcud münaqişələrin və müharibələrin təməlinə baxdıqda diktə, özünü üstün hesab etmə psixologiyasının rolu aydın görünür. Bu psixoloji amil beynəlxalq münasibətlər sisteminə daxil olanda artıq ölkələr arası münaqişələr yaranır. Azərbaycan lideri məhz bu amilə diqqət çəkir və qeyd edir ki, “beynəlxalq ictimaiyyət beynəlxalq davranışın bu əsas qaydaları üzərində razılığa gələrsə, münaqişələrin və problemlərin sayı azalacaq, qarşılıqlı fəaliyyət isə genişlənəcəkdir”.

Qlobal münaqişələrin həlli üçün Azərbaycan təcrübəsi

Azərbaycan beynəlxalq münaqişələrdə sülh modelini də yaradıb. Qarabağ münaqişəsinin həlli bunun bariz nümunəsidir. Torpaqlarımızın işğalı zamanı beynəlxalq hüquq praktiki olaraq “şikəst” edilmişdi. BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri kağız üzərində qaldı, beynəlxalq hüququn tələbləri icra edilmədi. Münaqişənin həlli ilə bağlı ATƏT-in Minsk qrupunun apardığı danışıqlar işğalın davam etməsinə şərait yaradırdı. Azərbaycan İkinci Qarabağ müharibəsində torpaqlarını azad edərək, beynəlxalq hüququ özü icra etdi.

Dövlət başçısı bildirib ki, biz özümüzü müdafiə etdik: “Biz düşməni məğlub etdik. Biz 30 il Ermənistanın işğalı altında olmuş torpaqlarımızı azad etdik. Biz ədaləti bərpa etdik. Biz öz ləyaqətimizi və beynəlxalq hüququ bərpa etdik. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi, Ermənistan qoşunlarının ərazilərimizdən dərhal, qeyd-şərtsiz və tam çıxarılmasını tələb edən, lakin 30 il kağız üzərində qalan qətnamələrini təkbaşına icra etdik. 2020-ci ildə baş vermiş İkinci Qarabağ müharibəsi və 2023-cü ildə keçirilmiş antiterror əməliyyatı işğala son qoydu. Biz beynəlxalq hüququn normalarına uyğun olaraq ərazi bütövlüyümüzü və suverenliyimizi tam bərpa etdik”.

Bu, münaqişələrin həllində yeni presedent idi. Lakin Azərbaycan həm də müharibələrin dayandırılması, münaqişələrin həllində sülhə əsaslanan presedent də yaradıb. Müharibənin qalibi olan Azərbaycan sülh danışıqlarının əsas təşəbbüskarı oldu, halbuki, başqa ölkələr üstünlüklərindən fərqli məqsədlər üçün istifadə edərdilər. Azərbaycan bunu etmədi, haqlı müharibəsini torpaqlarının azad edilməsi və suverenliyinin bərpası ilə dayandırdı və sülh əlini uzatdı.

Prezident İlham Əliyev bildirib ki, müharibədən sonra Azərbaycanın Ermənistana sülh təklif etməsi misli görünməmiş haldır.

“Müharibələrin tarixinə nəzər salsaq, yəqin ki, son qanlı toqquşmadan iki il belə keçməmiş ölkələrin sülhə nail olması nümunəsinə rast gəlmərik. Ötən ilin yayında paraflanmış sülh sazişinin layihəsini də biz hazırlamışdıq. Ermənistanla sülh sazişinin təşəbbüskarı biz olmuşuq. Çünki biz sonsuz müharibələr istəmirdik və qisas almaq niyyətində deyildik. Hərçənd hesab edirəm ki, emosiyalar da nəzərə alınmalıdır. Mən həmişə deyirəm ki, biz qisasımızı döyüş meydanında aldıq və bundan irəli getməməliyik. Əks təqdirdə, bu, sonsuz müharibəyə çevrilər. Bu gün demək olar ki, hər il yeni müharibələrin başladığını gördükdə anlayırıq ki, müharibəyə son qoymaq çox çətindir. Müharibəyə başlamaq çox asandır, onu bitirmək isə çox çətindir. Qələbə qazanmaq da çox çətindir. Ona görə də hesab edirəm ki, Azərbaycanın təcrübəsi, - ədalətli müharibədə Qələbə qazanmağımız, məğlub tərəfin kapitulyasiya etməsi, bundan sonra isə irəli getməyərək dayanmaq, - lazım olan məqamda dayanmağımız və sülh təklif etməyimiz mühüm əhəmiyyət daşıyır. Hesab edirəm ki, hazırda müharibə aparan və yəqin ki, ona necə son qoyacaqlarını bilməyən tərəflər bu təcrübəni öyrənməlidirlər. Fikrimcə, yaratdığımız presedentlərdən hansılarının bəzi münaqişələrin həllində istifadə oluna biləcəyini müəyyənləşdirmək baxımından təcrübəmiz çox dəyərli olacaqdır”, - dövlət başçısı vurğulayıb.

Azərbaycan liderinin Forumdakı çıxış və verdiyi mesajlar ortaq gələcəyin inşası baxımından mühüm əhəmiyyət kəsb edir. Xüsusilə dünyada müharibələrə son qoymaq, münaqişələri həll etmək üçün irəli sürülən təkliflər mühümdür. Prezident İlham Əliyev dünyanı Azərbaycan təcrübəsindən yararlanmağa dəvət etdi.

  • Sosial şəbəkədə paylaş