Oktyabrın 1-də dövlət ümumi təhsil müəssisələrindəki məktəbəhazırlıq qruplarında məşğələlərə start verilib.
2026-2027-ci tədris ilində Dağlıq Şirvan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələri üzrə məktəbəhazırlıq qruplarına 1936 uşaq qeydiyyatdan keçib.
Dövlət ümumi təhsil məktəblərində yaradılan məktəbəhazırlıq qruplarında həftədə 4 gün olmaqla 12 məşğələ keçirilir. Məktəbəhazırlıq qruplarında dərs məşğələləri “Ətraf aləmlə tanışlıq”, “Savad təliminə hazırlıq və nitq inkişafı”, “Bədii təfəkkürün inkişafı”, “Məntiqi və riyazi təfəkkürün inkişafı”, “Təsviri fəaliyyət”, “Musiqi” və “Fiziki mədəniyyət”dən ibarətdir.
Qeyd edək ki, məktəbhazırlıq qruplarının yaradılmasında məqsəd 5 yaşlı uşaqların hazırlığı ilə əlaqədar psixoloji dayanıqlığını artırmaq, təhsil mühitinə uyğunlaşdırmaq, onların ünsiyyət və birgə fəaliyyət bacarıqlarına yiyələnməsini təmin etməkdən ibarətdir.
