Dünyanın ən varlı 0,1 faizini təşkil edən təxminən 8 milyon insan Yer kürəsinin ən yoxsul yarısından 400 dəfə çox karbon qazı emissiyasına səbəb olur.
Bu barədə beynəlxalq "Oxfam" təşkilatının hesabatında bildirilib.
Təşkilatın məlumatına görə, varlılar iqlim böhranını təkcə şəxsi həyat tərzləri, o cümlədən şəxsi təyyarələrdən istifadə etməklə deyil, həm də ətraf mühiti çirkləndirən sahələrə investisiya yatırmaqla dərinləşdirirlər.
Eyni zamanda, qlobal istiləşmənin nəticələri daha çox aztəminatlı insanlara təsir edir. Onların yığımları, təhlükəsiz ərazilərə köçmək və daşqın, yanğın, eləcə də quraqlıqdan sonra evlərini bərpa etmək imkanları daha məhduddur.
Hesabatda qeyd olunub ki, bəzi supervarlılar iqlim fəlakətlərinin özündən də gəlir əldə edirlər. Təbii fəlakətlərdən sonra bərpa işləri üzrə dünya bazarının 2029-cu ilədək illik 70 milyard dollardan 92 milyard dollara yüksələcəyi gözlənilir.
"Oxfam" iqlim böhranını dərinləşdirən sahələrdə, eyni zamanda fəlakətlərə hazırlıq, onların nəticələrinin aradan qaldırılması və bərpa işlərində qazanc əldə edən 217 şirkət müəyyən edib.
Təşkilatın nümayəndəsi Jaklin Persson RTL Nieuws telekanalına açıqlamasında vəziyyəti belə xarakterizə edib:
“Supervarlılar və onların şirkətləri planeti yandırır, sonra isə yanğınsöndürmə avadanlıqlarını sataraq pul qazanırlar”.
"Oxfam"ın qiymətləndirməsinə görə, iqlim böhranı səbəbindən 2050-ci ilədək 1 milyardadək insan evini tərk etmək məcburiyyətində qala bilər.
Təşkilat hökumətləri varlı insanların və şirkətlərin emissiyalarını azaltmağa, həssas icmalara dəstəyi gücləndirməyə və iqlim fəlakətlərindən qazanc əldə edilməsini məhdudlaşdırmağa çağırıb.

