
8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının milli yaddaşına əbədi həkk olunmuş, dövlətçilik tariximizin ən möhtəşəm səhifələrindən biridir. Bu əlamətdar gün xalqımızın azadlıq iradəsinin, milli birliyinin, qəhrəmanlığının və Vətənə sonsuz sevgisinin təcəssümüdür.
2020-ci ilin 27 sentyabrında başlayan Vətən müharibəsi Azərbaycanın tarixində yeni bir mərhələnin əsasını qoydu. 44 gün davam edən müharibə ərzində Azərbaycan Ordusu misilsiz döyüş qabiliyyəti, yüksək peşəkarlıq və əzmkarlıq nümayiş etdirərək tarixi qələbəyə imza atdı. Bu qələbə uzun illər işğal altında qalan torpaqlarımızın azadlığına, xalqımızın milli qürurunun bərpasına və dövlətimizin gücünün nümayişinə çevrildi.
Zəfərimizin ən mühüm məqamlarından biri Şuşanın azad edilməsi oldu. Azərbaycanın mədəniyyət beşiyi, milli musiqimizin və ədəbiyyatımızın inkişafında mühüm rol oynayan Şuşa şəhərinin azadlığı xalqımız üçün böyük mənəvi əhəmiyyət daşıyır. Şuşanın azad edilməsi ilə Azərbaycan xalqının tarixi ədalətin bərpasına olan inamı daha da gücləndi.
Bu gün Zəfərin nəticələri azad edilmiş ərazilərimizdə aparılan geniş quruculuq işlərində özünü göstərir. Qarabağ və Şərqi Zəngəzur bölgələrində yeni yaşayış məntəqələri salınır, yollar çəkilir, sosial infrastruktur yaradılır və doğma yurdlarından didərgin düşmüş insanlar öz torpaqlarına qayıdırlar.
8 Noyabr münasibətilə xalqımızı, rəşadətli Azərbaycan Ordusunu, qəhrəman qazilərimizi və şəhid ailələrimizi ürəkdən təbrik edirik! Şəhidlərimizin əziz xatirəsi daim yaşasın, Zəfərimiz əbədi olsun!
Xəyalə Töhrablı,
Şəki şəhər İcra Hakimiyyəti başçısının müavini
