
Azərbaycan xalqının qəhrəmanlıq salnaməsində elə bir tarix var ki, onun mahiyyəti qürur, sevinc, minnətdarlıq və sonsuz Vətən sevgisi ilə ifadə olunur. Bu tarix 8 Noyabr – Zəfər Günüdür. Məhz bu gün Azərbaycan xalqının iradəsi, rəşadətli ordumuzun gücü və dövlətimizin qətiyyəti tarixi qələbə ilə nəticələndi.
44 günlük Vətən müharibəsi Azərbaycan tarixində dönüş nöqtəsi olmaqla yanaşı, milli ruhun, birlik və həmrəyliyin ən parlaq təzahürünə çevrildi. Döyüş meydanlarında Azərbaycan əsgəri öz qəhrəmanlığı, cəsarəti və peşəkarlığı ilə tarix yazdı. Hər qarış torpaq uğrunda mübarizə aparan hərbçilərimiz Vətən sevgisinin nə qədər müqəddəs olduğunu bütün dünyaya nümayiş etdirdilər.
Bu qələbənin zirvəsində dayanan Şuşanın azadlığı isə xalqımızın mənəvi dünyasında xüsusi yer tutur. Şuşa Azərbaycanın mədəniyyətinin, incəsənətinin, musiqisinin və milli kimliyinin ayrılmaz hissəsidir. Onun azadlığı ilə xalqımızın qəlbində illərlə yaşanan həsrətə son qoyuldu.
Zəfərimizin arxasında böyük fədakarlıqlar, ağır sınaqlar və əvəzsiz itkilər dayanır. Şəhidlərimizin qəhrəmanlığı, qazilərimizin iradəsi və şəhid ailələrinin göstərdiyi dözüm hər zaman xalqımızın yaddaşında yaşayacaq. Onların qarşısında baş əymək, xatirələrini yaşatmaq və ailələrinə qayğı göstərmək hər birimizin borcudur.
Bu gün Qarabağda və Şərqi Zəngəzurda aparılan quruculuq işləri, yeni yaşayış məntəqələrinin salınması, yolların çəkilməsi və doğma yurda qayıdış prosesi Zəfərimizin davam edən təntənəsidir.
8 Noyabr – Zəfər Günü münasibətilə xalqımızı ürəkdən təbrik edir, ölkəmizə sülh, əmin-amanlıq və firavanlıq arzulayırıq. Zəfərimiz mübarək olsun!
Hafiz Kərimov
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı ( ETİHİ) İsmayıllı Rayon Komitəsinin sədri
