Sizin reklam burada
Sizin reklam burada

8 NOYABR – AZƏRBAYCANIN QÜRUR GÜNÜ, TARİXİMİZİN ZƏFƏR SƏHİFƏSİ

8 NOYABR – AZƏRBAYCANIN QÜRUR GÜNÜ, TARİXİMİZİN ZƏFƏR SƏHİFƏSİ


Azərbaycan xalqının tarixində elə günlər var ki, onların əhəmiyyəti zaman keçdikcə daha da artır. 8 Noyabr – Zəfər Günü də məhz belə unudulmaz tarixlərdəndir. Bu gün xalqımızın iradəsinin, milli birliyinin, qəhrəmanlığının və Vətənə sonsuz məhəbbətinin təcəssümüdür.

2020-ci ildə baş verən 44 günlük Vətən müharibəsi Azərbaycanın müasir tarixində yeni bir mərhələnin başlanğıcını qoydu. Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə böyük qəhrəmanlıq göstərərək torpaqlarımızın azadlığı uğrunda mübarizə apardı. Əsgər və zabitlərimizin döyüş meydanında nümayiş etdirdiyi cəsarət, peşəkarlıq və əzmkarlıq xalqımızın qələbə inamını daha da gücləndirdi.

Bu Zəfər Azərbaycan xalqının yalnız hərbi uğuru deyil, həm də mənəvi yüksəlişi oldu. Uzun illər torpaq həsrəti ilə yaşayan insanların doğma yurdlarına qayıtmaq arzusu gerçəkləşməyə başladı. Şuşanın azad edilməsi isə bu tarixi qələbənin ən parlaq hadisələrindən biri kimi yaddaşlara həkk olundu.

Bu gün Qarabağda həyata keçirilən quruculuq işləri, yeni yaşayış məntəqələrinin salınması, tarixi abidələrin bərpası və Böyük Qayıdış prosesi Zəfərimizin davamıdır. Azərbaycan öz doğma torpaqlarında yeni həyat qurur, gələcək nəsillər üçün möhkəm inkişaf təməli yaradır.

8 Noyabr münasibətilə xalqımızı, qəhrəman ordumuzu, qazilərimizi və şəhid ailələrimizi ürəkdən təbrik edirik. Şəhidlərimizin əziz xatirəsi daim qəlbimizdə yaşayacaq.

Zəfər Günümüz mübarək olsun! Qoy Azərbaycanımız daim güclü, xalqımız birlik və həmrəylik içində yaşasın!


Raqif Qasımov
UNEC-in Zaqatala filialının direktoru

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ