
Azərbaycan xalqının tarixində elə günlər var ki, onların əhəmiyyəti zaman keçdikcə daha da artır. 8 Noyabr – Zəfər Günü məhz belə əlamətdar tarixlərdən biridir. Bu gün xalqımızın milli iradəsinin, dövlətimizin siyasi qətiyyətinin və Azərbaycan Ordusunun misilsiz qəhrəmanlığının təcəssümüdür.
2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsi Azərbaycanın müasir tarixində dönüş nöqtəsi oldu. İllərlə davam edən işğala son qoymaq, ərazi bütövlüyümüzü bərpa etmək məqsədilə başlayan mübarizə böyük tarixi qələbə ilə nəticələndi. Azərbaycan əsgəri döyüş meydanında özünün yüksək hazırlığını, müasir hərbi texnologiyalardan istifadə bacarığını və sarsılmaz döyüş ruhunu nümayiş etdirdi.
Bu Zəfər həm də Azərbaycan dövlətinin gücünü, xalqımızın birlik və həmrəylik nümayiş etdirmək bacarığını ortaya qoydu. Müharibə günlərində cəmiyyətin bütün təbəqələri bir amal ətrafında birləşdi. Vətən sevgisi, torpaqlarımızın azadlığı və milli qürur hissi hər bir azərbaycanlının düşüncəsində ön plana çıxdı.
Bu gün əldə olunan qələbənin nəticələri ölkəmizin gələcək inkişafında mühüm rol oynayır. Azərbaycan regionda yeni reallıqların formalaşmasında fəal iştirak edir, azad edilmiş ərazilərdə geniş quruculuq işləri həyata keçirir.
8 Noyabr – Zəfər Günü münasibətilə bütün xalqımızı ürəkdən təbrik edir, Azərbaycan dövlətinə davamlı inkişaf, xalqımıza əmin-amanlıq və firavanlıq arzulayırıq!
ÜLVİ OSMANLI
İsmayıllı şəhəri Talıstan liseyinin direktor müavini
Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının idarə heyətinin üzvü
