ABŞ prezidenti Donald Tramp İranın Hörmüz boğazını bağlamasını ABŞ-yə qarşı bir "şantaj" cəhdi kimi qiymətləndirib. O, "İran bizə şantaj edə bilməz" ifadəsini işlədərək, danışıqların davam etdiyini və günün sonuna qədər bəzi vacib məlumatların açıqlanacağını bildirib. Qeyd edək ki, bu gərginlik Trampın İranın əvvəlki addımına təşəkkür etdikdən dərhal sonra blokadanın davam edəcəyini elan etməsindən sonra yaranıb.
Hörmüz boğazındakı qeyri-müəyyənlik fonunda bəzi ticari gəmilər keçidi test etməyə çalışır. Lakin vəziyyət kifayət qədər risklidir:
İngiltərə mətbuatının məlumatına görə, İranın hücum qayıqları boğazdan keçməyə çalışan bir neçə neft tankerinə və yük gəmisinə atəş açıb. Tanker heyətinin təhlükəsizlikdə olduğu bildirilir.
Hazırda Qətərə aid dörd mayeləşdirilmiş təbii qaz (LNG) tankeri boğaza doğru irəliləyir.
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Oman dənizində patrul xidməti aparan "USS Canberra" gəmisinin görüntülərini paylaşaraq blokadanın miqyasını açıqlayıb. Verilən məlumata görə, blokada başlayandan bəri 23 gəmi ABŞ-nin göstərişi ilə geri qaytarılıb. ABŞ qüvvələri hazırda İran limanlarına daxil olan və çıxan bütün gəmilərə qarşı dəniz blokadası tətbiq edir.
İran tərəfi isə geri çəkilmək niyyətində deyil. İranın Birinci vitse-prezidenti Məhəmməd Rza Arif bildirib ki, Hörmüz boğazının idarəetməsi İrana məxsusdur.
"Ya danışıqlar masasında, ya da meydanda haqqımızı möhkəmləndirəcəyik" deyən Arif, Trampın açıqlamalarını "yalan" adlandırıb.
Arif vurğulayıb ki, əgər İran öz limanlarından istifadə edə bilməsə, heç bir ölkənin bölgədə "müstəmləkəçilik" etməsinə icazə verməyəcək.

