Türkiyə ilə Misir arasında son dövrlərdə intensivləşən hərbi əməkdaşlıq İsrail mediasında narahatlıqla qarşılanıb.
“Ynet” nəşrinin dərc etdiyi təhlildə Ankara ilə Qahirə arasında inkişaf edən münasibətlərin Təl-Əviv üçün "strateji kabus"a çevrilə biləcəyi iddia olunub.
Təhlildə bildirilib ki, iki ölkə son aylarda birgə hərbi təlimləri artırıb. Misirdə keçirilən "Golden Eagle" təlimində xüsusi təyinatlı qüvvələr birgə iştirak edib, daha sonra isə F-16 qırıcılarının cəlb olunduğu ortaq hava təlimi keçirilib. Misir həmçinin Türkiyənin ev sahibliyi etdiyi "Anadolu Kartalı 2026" təliminə qatılıb.
Nəşr yazıb ki, hərbi əməkdaşlıq təkcə təlimlərlə məhdudlaşmır. İddiaya görə, Misir Türkiyənin KAAN milli döyüş təyyarəsi proqramı ilə maraqlanır və pilotsuz uçuş aparatları sahəsində türk müdafiə şirkətləri ilə danışıqlar aparır.
Təhlildə qeyd olunub ki, Türkiyə-Misir yaxınlaşması Şərqi Aralıq dənizi və Yaxın Şərqdə qüvvələr balansına təsir göstərə, İsrail üçün isə yeni təhlükəsizlik çağırışları yarada bilər. İsrail kəşfiyyatının Türkiyə ilə Misir arasında inkişaf etdirilən birgə əməliyyat qabiliyyətini və müdafiə sahəsində əməkdaşlığı yaxından izləməsinin vacibliyi vurğulanıb.
