Avropa İttifaqının (Aİ) üzvü olan 12 ölkə enerji təchizatı ilə bağlı narahatlıqları azaltmaq məqsədilə strateji ehtiyatlarından 42,6 milyon barel nefti bazara çıxarmağı öhdəsinə götürüb.
Bu barədə “Le Monde” nəşri məlumat yayıb.
Bildirilib ki, 2027-ci ilin yanvar ayının sonunadək bazara çıxarılması planlaşdırılan neftin 20,5 milyon barelini dizel yanacağı təşkil edəcək. Bu addım G7 ölkələrinin 100 milyon barel dizel yanacağı və xam nefti bazara çıxarmaq barədə qərarından bir neçə həftə sonra atılıb.
Aİ-nin enerji məsələləri üzrə məsul komissarı Dan Yorgensen bildirib ki, Yaxın Şərqdəki vəziyyət enerji qiymətlərinin yüksəlməsinə səbəb olacaq.
Rusiyanın təbii qazına tətbiq edilən qadağanın yenidən nəzərdən keçirilməsi ilə bağlı çağırışlara münasibət bildirən Yorgensen mövcud məhdudiyyətlərin qüvvədə qaldığını deyib. O, Rusiyanı enerji təchizatından şantaj vasitəsi kimi istifadə etməkdə ittiham edib.
“Avropada Rusiya qazına xərclədiyimiz pul Ukraynada insanları öldürən bombaların və pilotsuz uçuş aparatlarının alınmasına, eləcə də müharibənin maliyyələşdirilməsinə kömək edib. Buna görə də Rusiya qazını almağa başlamaq istəmirik”, - Yorgensen bildirib.
