"Kənd təsərrüfatının davamlı inkişafı naminə aqrar sahədə su ehtiyatlarının idarə edilməsinin təkmilləşdirilməsi " layihəsi çərçivəsində seminar baş tutub.
Seminarda Azərbaycanda su ehtiyyatlarının hazırki vəziyyəti, səmərəli istifadəsi, qlobal iqlim dəyişikliyinin su ehtiyatlarına təsiri kimi məsələlər və bu məsələlərin həllində sektorlararası əməkdaşlıq və koordinasiyanın rolu barədə müzakirələr aparılıb. Seminarın məqsədi Azərbaycanda su ehtiyyatlarının hazırki vəziyyətini qiymətləndirmək və səlahiyyətli qurumlar arasında koordinasiyanın gücləndirilməsinə töhvə verməkdir.
Azərbaycan Respublikası Prezidentinin 27 iyul 2020-ci il tarixli Sərəncamı ilə “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üçün Tədbirlər Planına” əsasən Ölkənin su ehtiyatlarının qiymətləndirilməsi, sudan qənaətli istifadəni təmin edən müasir suvarma texnologiyalarının təşviq edilməsi, iqlim dəyişikliklərinin içməli su təchizatına mümkün təsirlərini minimuma endirilməsi əsas prioritet məsələlərdən biridir.
“Məhdud resurs olamasına baxmayaraq su mövzusu daima öz aktuallığını qoruyub saxlamaqdadır. Bu günki seminarda su ehtiyyatlarının idarə edilməsi yolları, enerji, qida təhlükəsizliyi, kənd təsərrüfatı, ətraf mühit, sağlamlıq və praktiki məsələlər həll yollarını tapmağımız üçün əsas müzakirə mövzumuz olacaq. Qeyd edim ki, seminarın iki panel mövzusu növbəti il BMT-nin beynəlxalq Su Konfransının əsas mövzularından biridir. İnanıramki, konfransda aparılacaq müzakirələr su ehtiyatlarından səmərəli istifadə və bu sahədə əməkdaşlığın gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər baxımından faydalı olacaqdır” su idarəetməsi üzrə beynəlxalq mütəxəssis, Arizona Dövlət Universitetinin professoru Olcay Ünver seminarın açılış hissəsində çıxışında qeyd edib.
Tədbirdə çıxış edən Nazirlər Kabineti yanında “Su ehtiyatlarından səmərəli istifadə üzrə Komissiyanın” nümayəndəsi cənab İlqar Poladov tədbirlər planına əsasən görülən işləri və planlaşdırılan addımları qeyd edib. Cənab Poladov öz çıxışında bildirib ki, “Su ehtiyyatlarının artırılması, onların bərpası üzrə fəaliyyətlərimiz davam edir, xüsusilə Mərkəzi Aran, Şirvan, Mil-muğan zonasının texniki iqtisadi əsaslandırılma prosesindən sonra bu zonada fəaliyyətlərin həyata keçirilməsi planlaşdırılır. Digər prioritetlərə əsasən ölkədə yeni 10 su anbarının yaradılması və təmir bərpası nəzərdə tutulur”.
Tədbirdə Kənd Təsərrüfatı Nazirliyi, Nazirlər Kabineti, İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Meliorasiya və Su Təsərrüfatı ASC, Azərenerji, Azərsu, Azərbaycan Fermerlər Assosasiyası, həmçinin QHT, özəl sektor, akademiya və beynəlxalq təşkilatların nümayəndələri iştirak edib. Layihə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) maliyyə dəstəyi ilə Kənd Təsərrüfatı Nazirliyi ilə birgə həyata keçirilir. Layihənin əsas məqsədi Azərbaycanda su ehtiyatlarının idarə olunması üçün təhlil, planlaşdırma və koordinasiya sahəsində milli imkanları gücləndirməkdir.
