Britaniyalı keçmiş paraşütçü Karl Buşbi 29 ölkəni əhatə edən 57 min 936 kilometrlik dünya səyahətini 28 ilə tamamladıqdan sonra doğma şəhəri Hulla qayıdıb.
Bu barədə BBC məlumat yayıb.
Bildirilib ki, Buşbi 1998-ci ildə Çilinin ən cənubunda yerləşən Punta Arenas şəhərindən yola çıxıb. O, səyahətini tamamlamadan evə qayıtmamağı və yol boyu irəliləmək üçün heç bir nəqliyyat vasitəsindən istifadə etməməyi qarşısına hədəf qoyub.
Dörd qitəni, səhraları, meşələri, dağları və donmuş dənizləri piyada keçən səyyah dünyanın ən uzun fasiləsiz piyada səyahəti rekordunu qırıb.
Uzun və təhlükəli səfəri zamanı Buşbi Berinq boğazını və Darien keçidini piyada keçib, qütb ayıları ilə qarşılaşıb, silahlı təhdidlərə məruz qalıb. O, Rusiyada casusluqda ittiham olunaraq saxlanılıb və ölkədən deportasiya edilməsinə qərar verilib.
57 yaşlı səyyah doğma şəhərində Kraliça Viktoriya meydanında izdihamla qarşılanıb. Buşbi uğurunun yalnız özünə aid olmadığını vurğulayaraq yol boyunca ona kömək edən insanlara və göstərilən dəstəyə görə təşəkkür edib.

