
Dünyada texnologiyanın sürətli inkişafı təhsil sahəsinə də ciddi təsir göstərir. Bu gün şagird bir neçə saniyə ərzində internet vasitəsilə böyük həcmdə informasiya əldə edə bilir. Lakin informasiyanın çoxluğu düzgün bilik əldə etmək üçün kifayət etmir. Məhz bu məqamda müəllimin rolu xüsusi əhəmiyyət daşıyır.
5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü müasir təhsil prosesində müəllimin əhəmiyyətini bir daha xatırladır.
Müasir müəllim şagirdinə yalnız hazır məlumat verməklə kifayətlənmir. O, şagirdə araşdırma aparmağı, müxtəlif məlumatları müqayisə etməyi, doğru ilə yanlışı ayırmağı və müstəqil düşünməyi öyrədir.
Xüsusilə rəqəmsal dövrdə uşaqların informasiya təhlükəsizliyi və internet mədəniyyəti də mühüm məsələlərdəndir. Şagirdin qarşısına çıxan hər məlumatın doğru olmadığını izah etmək, onu saxta xəbərlərdən, yanlış məlumatlardan qorumaq və sağlam informasiya vərdişləri formalaşdırmaq da təhsilin mühüm istiqamətlərindəndir.
Bütün bunlarla yanaşı, müəllim uşağın sosial inkişafında da böyük rol oynayır. Məktəb uşaqların yalnız dərs aldığı məkan deyil, həm də ünsiyyət qurduğu, dostluq etdiyi, məsuliyyət və əməkdaşlıq öyrəndiyi mühitdir.
Müəllimin şagirdə münasibəti onun özünəinamına təsir göstərə bilər. Buna görə müəllimdən yalnız yüksək peşəkarlıq deyil, həm də səbir, diqqət və pedaqoji həssaslıq tələb olunur.
Təhsil sisteminin inkişafı üçün məktəb, müəllim, valideyn və cəmiyyət arasında əməkdaşlığın gücləndirilməsi də mühüm əhəmiyyət daşıyır. Uşağın inkişafı yalnız müəllimin və ya yalnız valideynin üzərinə düşən məsələ deyil. Bu, bütün cəmiyyətin ortaq məsuliyyətidir.
5 Oktyabr münasibətilə müəllimlərin əməyini qiymətləndirmək, onların qarşılaşdıqları çətinlikləri anlamaq və təhsilin inkişafına verilən töhfəni yüksək qiymətləndirmək vacibdir.
Çünki bu gün sinif otağında yetişdirilən şagird sabah cəmiyyətin müxtəlif sahələrində fəaliyyət göstərəcək. Onun bilik və dünyagörüşündə müəllimin izi olacaq.
Təbrik edirik!
Beynəlxalq Müəllimlər Günü münasibətilə bütün müəllimləri və pedaqoqları ürəkdən təbrik edirik. Sizə möhkəm cansağlığı, işinizdə uğurlar, yeni nailiyyətlər, sevinc və mənəvi rahatlıq arzulayırıq. Gələcəyin savadlı və uğurlu nəslinin yetişdirilməsi yolunda fəaliyyətiniz daim yüksək qiymətləndirilsin!
Raqif Qasımov
UNEC-in Zaqatala filialının direktoru
