
Hər bir insanın həyatında elə bir dövr var ki, həmin illərdə öyrəndikləri onun gələcək həyat yolunun əsasını təşkil edir. Bu dövr məktəb illəridir. Məktəb illərinin ən böyük qəhrəmanlarından biri isə, şübhəsiz, müəllimdir.
5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə dünyanın müxtəlif ölkələrində müəllimlərin cəmiyyət qarşısındakı böyük xidmətləri xatırlanır, onların əməyinə ehtiram ifadə olunur.
Müəllim gələcəyin qurucusudur. Çünki o, bu gün qarşında oturan uşağın sabah hansı insan olmasına böyük təsir göstərir. Müəllimin verdiyi bilik, aşıladığı dəyərlər və göstərdiyi nümunə illər sonra öz bəhrəsini verir.
Müəllimlik peşəsi səbr və fədakarlıq tələb edir. Hər gün müxtəlif xarakterli uşaqlarla işləmək, onların problemlərini dinləmək, dərsləri izah etmək, zəif nəticə göstərən şagirdə əlavə vaxt ayırmaq, istedadlı uşağın inkişafına dəstək olmaq heç də asan deyil.
Müəllimin əməyi bəzən görünməz qalır. Lakin onun nəticələri həyatımızın hər yerindədir. Həkim xəstənin həyatını xilas edir, mühəndis mühüm layihələr qurur, hüquqşünas hüququ müdafiə edir, alim yeni kəşflər edir. Ancaq bu insanların hər birinin təhsil yolunda onlara bilik verən müəllimləri olub.
Deməli, müəllim bütün peşələrin başlanğıcında dayanan insanlardan biridir.
Bu gün texnologiyalar sürətlə inkişaf edir. Süni intellekt, elektron kitablar, onlayn dərslər və rəqəmsal platformalar təhsilin imkanlarını genişləndirir. Lakin müəllimin insani münasibətini, şagirdə verdiyi mənəvi dəstəyi və onun qabiliyyətinə inamını heç bir texnologiya tam əvəz edə bilməz.
Müəllim şagirdə yalnız “nə bilmək” lazım olduğunu deyil, həm də “necə düşünmək” lazım olduğunu öyrədir.
Bu baxımdan müəllim əməyinə hörmət cəmiyyətin gələcəyinə hörmət deməkdir. Təhsilə verilən dəyər, əslində, sabahın daha savadlı və məsuliyyətli cəmiyyətinə verilən dəyərdir.
Bu əlamətdar gündə bütün müəllimlərin qarşısında baş əyir, onların fədakar əməyinə görə təşəkkür edirik.
5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə bütün müəllimləri ürəkdən təbrik edirik. Hər birinizə möhkəm cansağlığı, ailə səadəti, uzun ömür, pedaqoji fəaliyyətinizdə uğurlar və yetirmələrinizin nailiyyətlərindən daim qürur duymağı arzulayırıq. Gələcək nəsillərin yetişdirilməsində göstərdiyiniz fədakar əməyiniz daim yüksək qiymətləndirilsin. Bayramınız mübarək!
Aydın Rəhimov,
Abşeron-Xızı Regional Təhsil İdarəsinin rəis müavini
