Sizin reklam burada
Sizin reklam burada

VALİDEYN VƏ MÜƏLLİM – UŞAĞIN GƏLƏCƏYİ ÜÇÜN BİRGƏ MƏSULİYYƏT

VALİDEYN VƏ MÜƏLLİM – UŞAĞIN GƏLƏCƏYİ ÜÇÜN BİRGƏ MƏSULİYYƏT

Uşağın düzgün böyüməsi və şəxsiyyət kimi formalaşması yalnız məktəbin və ya yalnız ailənin üzərinə düşən məsələ deyil. Bu prosesdə valideyn və müəllimin əməkdaşlığı böyük əhəmiyyət daşıyır.

5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə müəllim əməyindən danışarkən məhz bu əməkdaşlığın əhəmiyyətini də xüsusi qeyd etmək lazımdır.

Ailə uşağın ilk tərbiyə aldığı məkandır. Məktəb isə həmin tərbiyənin və biliklərin sistemli şəkildə inkişaf etdirildiyi mühüm mühitdir. Valideyn uşağının xarakterini daha yaxşı tanıyır, müəllim isə onun məktəbdəki davranışını, öyrənmə qabiliyyətini və yaşıdları ilə münasibətlərini müşahidə edir.

Bu iki tərəf arasında düzgün ünsiyyət olduqda uşağın problemlərini daha tez müəyyən etmək və həll yolları tapmaq mümkündür.

Müəllim və valideyn bir-birini qarşı tərəf kimi deyil, uşağın inkişafı üçün eyni məqsədə xidmət edən tərəfdaş kimi görməlidir.

Müasir dövrdə bu əməkdaşlığın əhəmiyyəti daha da artıb. Uşaqlar internetdən, sosial şəbəkələrdən və müxtəlif rəqəmsal platformalardan geniş istifadə edirlər. Onların vaxt bölgüsü, informasiya seçimi və rəqəmsal davranışlarının düzgün formalaşdırılmasında həm valideynin, həm də müəllimin rolu vardır.

Müəllim uşağın məktəbdəki inkişafını, valideyn isə onun evdəki davranışını müşahidə edir. Bu məlumatların düzgün paylaşılması uşağın daha yaxşı tanınmasına və ona uyğun dəstək göstərilməsinə imkan yaradır.

Uşağın uğur qazanması üçün ona yalnız tələb qoymaq deyil, həm də dəstək olmaq lazımdır. Şagird səhv etdikdə onu alçaltmaq əvəzinə səhvindən nəticə çıxarmağı öyrətmək daha faydalıdır.

Müəllim və valideynin birgə səyi uşağın həm təhsil, həm də sosial bacarıqlarının inkişafına kömək edir.

Bu baxımdan 5 Oktyabr həm müəllimləri təbrik etmək, həm də təhsilin bütün iştirakçıları arasında əməkdaşlığın əhəmiyyətini xatırlamaq üçün gözəl gündür.

Təbrik edirik!

Beynəlxalq Müəllimlər Günü münasibətilə bütün müəllimləri ürəkdən təbrik edirik. Sizə möhkəm cansağlığı, ailə səadəti, pedaqoji fəaliyyətinizdə uğurlar və valideynlərlə sağlam əməkdaşlıq arzulayırıq. Qoy müəllim-valideyn əməkdaşlığının nəticəsində savadlı, tərbiyəli, vətəninə və cəmiyyətinə faydalı nəsillər yetişsin!


Nailə Məmmədova,
Mingəçevir Şəhər Texniki Humanitar Liseyin direktoru

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ