Hər bir insanın həyatında heç vaxt unutmadığı insanlar olur. Valideynlər, yaxınlar, dostlar və həyat yolunda qarşılaşdığı mühüm şəxslərlə yanaşı, ilk müəllim də insan yaddaşında xüsusi yer tutur.
İlk müəllim uşağın məktəblə, kitabla və elm dünyası ilə ilk tanışlığını təmin edən insandır.
5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə ilk müəllimlərimizi də xüsusi ehtiramla xatırlayırıq.
Məktəbə ilk dəfə gedən uşaq üçün hər şey yenidir. Yeni sinif, yeni dostlar, yeni qaydalar və ən əsası yeni müəllim. Həmin ilk günlərdə müəllimin mehriban münasibəti uşağın məktəbə uyğunlaşmasına böyük kömək edir.
İlk müəllim uşağa hərfləri öyrədir, onun ilk yazısını oxuyur, ilk dəftərini yoxlayır. Uşağın ilk uğuruna sevinir, səhv etdikdə isə onu düzəltməyə çalışır.
İllər sonra insan həmin günləri xatırlayanda bəzən ilk müəlliminin adını, səsini və hətta sinifdəki davranışını belə unutmur.
Çünki ilk müəllim insanın təhsil yolunun başlanğıcında dayanır.
Sonrakı illərdə şagird müxtəlif fənlər üzrə çoxlu müəllimlərlə qarşılaşır. Hər bir müəllim onun inkişafında müəyyən rol oynayır. Lakin ilk müəllimin xüsusi yeri həmişə qorunub saxlanılır.
Bu gün həmin müəllimlərin bir çoxu artıq təqaüddə ola bilər. Bəziləri isə hələ də məktəblərdə fəaliyyət göstərir. Onların hamısının əməyi böyük hörmətə layiqdir.
Bəzən illər sonra keçmiş şagirdin müəllimini ziyarət etməsi və ona təşəkkür etməsi müəllim üçün ən böyük sevinc olur.
Çünki müəllim öz əməyinin yaddaşlarda yaşadığını gördükdə anlayır ki, illərlə gördüyü zəhmət hədər getməyib.
5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə bütün müəllimləri, xüsusilə də həyatımıza ilk dəfə elm və təhsil işığını gətirən ilk müəllimlərimizi səmimi-qəlbdən təbrik edirik. Sizə sağlamlıq, xoşbəxtlik, uzun ömür və ailə səadəti arzulayırıq. Qoy yetişdirdiyiniz hər bir şagird sizi daim sevgi və minnətdarlıqla xatırlasın. Bayramınız mübarək!
Rövşən Əhmədov,
YAP Ağcabədi rayon təşkilatının sədri
