
Bəzən insan illər keçdikdən sonra məktəb illərini xatırlayarkən müəlliminin dediyi bir cümləni yada salır. Həmin sözlər uzun illər yaddaşda qalır, insanın qarşısına çıxan çətinliklərdə ona güc verir. Məhz buna görə müəllimlik yalnız dərs demək deyil, insan həyatına toxunmaq sənətidir.
5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü müəllimlərin cəmiyyət və insan həyatındakı rolunu xatırlamaq baxımından xüsusi əhəmiyyət daşıyır.
Müəllim bəzən şagirdin özündə görmədiyi istedadı onda görür. Uşağın bacarığına inanır, onu ruhlandırır və “sən bacararsan” deyərək ona özünəinam verir. Bəzən isə bir şagirdin etdiyi səhvi sərt şəkildə cəzalandırmaq əvəzinə ona səhvindən nəticə çıxarmağı öyrədir.
Hər bir uşağın həyatında onu istiqamətləndirən bir müəllimin olması böyük üstünlükdür. Çünki məktəb yalnız bilik əldə edilən məkan deyil. Məktəb həm də uşağın şəxsiyyət kimi formalaşdığı mühüm həyat mərhələsidir.
Müəllimin davranışı, danışığı, şagirdə münasibəti və hətta ədalətli qərar verməsi uşaqlar üçün nümunə ola bilər. Şagird müəllimindən yalnız dərslikdə yazılanları deyil, həyatda necə davranmağı da öyrənir.
Məhz buna görə müəllim böyük məsuliyyət daşıyır. Onun hər sözü, hər münasibəti şagirdin dünyagörüşünə təsir göstərə bilər.
Bu gün texnologiyanın inkişafı ilə bilik əldə etmək imkanları əvvəlkindən daha genişdir. Lakin insanın mənəvi inkişafında müəllimin canlı ünsiyyətinin əhəmiyyəti hələ də böyükdür. Şagirdin problemini dinləmək, onun narahatlığını anlamaq, uğuruna sevinmək və çətinliyində dəstək olmaq müəllimlik peşəsinin insani tərəfidir.
İllər sonra müəllimin adını xatırlayan keçmiş şagirdin “Mənə çox şey öyrətdi” deməsi həmin müəllim üçün ən böyük mükafatlardan biridir.
Bu səbəbdən 5 Oktyabr sadəcə təqvimdə qeyd olunan bir tarix deyil. Bu gün hər birimizin həyatında izi olan müəllimləri xatırlamaq və onlara təşəkkür etmək üçün bir fürsətdir.
Təbrik edirik!
Beynəlxalq Müəllimlər Günü münasibətilə bütün müəllimlərə dərin hörmətimizi və minnətdarlığımızı bildiririk. Sizə möhkəm cansağlığı, uzun ömür, ailə xoşbəxtliyi, fəaliyyətinizdə uğurlar və hər zaman sizə hörmət edən, uğurlar qazanan şagirdlər arzulayırıq. Sizin sözünüz, zəhmətiniz və verdiyiniz bilik gələcək nəsillərin həyatında daim yaşasın!
Zaur Muradov,
YAP İsmayıllı rayon Təşkilatının rəhbəri
